11:13 19 Mart 2020 213
Ana səhifə Xəbərlər

Kosa, Keçəl, Səməni, Bahar qız, Tonqal Novruz xonçasında - REPORTAJ

Novruz atributları olan Kosa, Keçəl, Səməni, Bahar qız, Tonqal kimi Novruz süfrəsi də çox önəmlidir. Bayram süfrəsini isə Novruz xonçası olmadan təsəvvür etmək mümkün deyil. Hər bir xanım evində bayram süfrəsini özünəməxsus şəkildə hazırlayır. Son illərin trendi isə Novruz xonçalarını hazır şəkildə mağazalardan və ya xüsusi hazırlayan şəxslərdən almaqdır. Bu xonçaları daha çox nişanlı qızlara bayram payı aparan “oğlan evi” almağa üstünlük verir. Xonçaların hazırlanması isə əl işi olduğundan, qiymətləri də müxtəlifdir - 25 manatdan 100 manata kimi.

Üç ildir xonçaların xüsusi hazırlanması ilə məşğul olan Təhminə Babayeva deyir ki, əvvəlcə sadə məşğuliyyət kimi baxdığı bu iş sonradan onun qazanc yerinə çevrilib: “Biz ilk növbədə xüsusi taxta seçib onları hamar vəziyyətə gətirib digər çubuqları xüsusi aparat vasitəsi ilə onun üzərinə yapışdırırıq. Bundan sonra xonçanın içərisini süni otla bəzəyirik. Bu zaman əvvəlcədən aldığımız bu atributları xonçanın içərisinə zövqə görə yerləşdiririk”.

O, məşğul olduğu işdən xüsusi zövq alır. İlk baxışdan sadə görünən bu iş əslində olduqca mürəkkəbdir və səbir tələb edir. Novruz süfrəsində xüsusi rənglərdən istifadə edilir ki, bu da xonçaların hazırlanmasında mütləq nəzərə alınmalıdır. Təhminə Babayevanın sözlərinə görə, təbiətin oyanmağı və yazın gəlişi ilə əlaqəli olaraq ən çox xonçalarda təbiət rəngləri olan yaşıl, qırmızı, çəhrayı və ağ rənglərə önəm verilir: “Hazırladığımız bu xonçanın içində Novruzun atributlarına və ümumiyyətlə Novruz ab-havasına xüsusi yer vermişik. Burda kənd həyatı təsvir edilib. Tonqal, həyətdə iş görən nənə, burda bayrama uyğun olaraq musiqiçilər və sairə var. Qeyd edim ki, bunu hazırlayan zaman böyük səbir və zövq tələb olunur”.

Təhminə Babayeva deyir ki, Novruz süfrəsinin bəzəyi xonça artıq çərşənbələrdən hazır olmalıdır. Xonçada S hərfi ilə başlayan 7 nemət olmalıdır. Bunlardan başlıcası səmənidir. Səmənidən başqa bolluq bərəkət mənasını özündə daşıyan bəzi nemətlər də xonçada yer almalıdır. Novruzun atributlarından olan yumurta dünyanın yenidən canlanması mənasındadır və xonçanın bəzəyidir.

Hər il bayramqabağı müxtəlif sifarişlər alan Təhminə xanım deyir ki, müştərilərin əksəriyyəti öz sifarişlərini “İnstagram” sosial şəbəkəsi üzərindən həyata keçirirlər. Sosial şəbəkədə onu axtaran hər bir kəs Novruz_xoncalarİ2020 adlı hesaba girməklə sifarişlərini verə bilərlər.

NOVRUZ bayramınız mübarək, süfrəniz bol və bərəkətli, cibiniz isə dolu olsun !

İlahə Vəliyeva

Üzeyir Ağayev

APA TV

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın