06:00 18 Oktyabr 2019 48
Ana səhifə Xəbərlər

Kulis.az “Bir şeir” yarışmasının qaliblərini mükafatlandırdı

Kulis.az ədəbiyyat portalının “Bir şeir” yarışmasının qaliblərinin mükafatlandırma mərasimi keçirilib.

APA TV-nin məlumatına görə, tədbiri giriş sözü ilə aman portalın baş redaktoru Şərif Ağayar açaraq, müsabiqə haqqında ümumi məlumat verib:

“Bu müsabiqə 35 yaşa qədər gənclər arasında keçirilib. 200-dən artıq şeir daxil olub. Onlardan minimum tələblərə cavab verən təxminən 30-a qədər şeirləri yayımladıq. Və ekspertlər olaraq balla qiymətləndirdik. Onların içindən yer tutmaq şansı olan 28 şeiri münsiflərə göndərdik”.

Münsiflər heyəti adından tənqidçi, filologiya elmləri doktoru Cavanşir Yusifli çıxış edərək, yarışmada iştirak edən şeirləri analiz edib.

AYB-nin gənclər üzrə katibi Rəşad Məcid Kulisin ədəbiyyat fəaliyyətini və eyni zamanda “Bir şeir” müsabiqəsini çox yüksək qiymətləndirdiyini və onluğa düşən şairlərin içindən yeni imzalar tapdığını qeyd edib.

İlk mükafatı bəyənmə sayına görə yarışmanın qalibi olan Sonuncu Orxan qazanıb. “Libraff” Mağazalar Şəbəkəsinin piar meneceri Sərxan Rüstəmov iştirakçıya 50 manatlıq kitab kartı hədiyyə edib.

Üçüncü yerin qalibləri – Malik Atilay və Elvin Bakiroğluna mükafatı münsif, şairə Səhər Əhməd, ikinci yerin qalibi Alik Əlioğluna tənqidçi Cavanşir Yusifli təqdim edib.

Birinci yerin qalibi Fərid Hüseynin mükafatını isə “ APA Group”un rəhbəri Vüsalə Mahirqızı təqdim edib.

Sonda qaliblərlə xatirə şəkli çəkilib.

Xatırladaq ki, müsabiqə sentyabrın 16-dan elan olunmuşdu, əsər qəbulu oktyabrın 10-dək davam edib. 200-dən çox iştirakçı şeirlərini göndərib və yalnız şərtlərə uyğun olan şeirləri seçilərək həm Kulis.az -da, həm də Kulis.az -ın Facebook səhifəsində yayımlanıb. Seçilmiş şeirlər ekspertlər qrupu tərəfindən seçilərək münsiflərə təqdim olunub. Aqşin Yenisey, Cavanşir Yusifli, Məti Osmanoğlu, Səhər Əhməd, Zahir Əzəmətdən ibarət münsiflər heyəti 20-liyi müəyyən edib. Daha sonra 20-lik əsasında 10-luq müəyyənləşib.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın