04:40 27 May 2020 238
Ana səhifə Xəbərlər

Kürqırağı Tuqay meşələri bərpa olunur - REPORTAJ

XX əsrin sonlarında yox olma təhlükəsi ilə üzləşən Tuqay meşələrinin bərpası davam edir. Son illər min hektaradək meşə sahəsinin xarakterinə uyğun meşə və meyvə ağacları əkilib.

APA TV-nin Qarabağ bürosunun xəbərinə görə, zamanında çox məşhur olan Tuqay meşələri Kür çayının subasarında yerləşir. Əsasən Kürün Ağcabədi, Zərdab, Beyləqan və İmişli rayonlarını ərazisindən keçən hissəsində mövcud olan yaşıllıq zolağının cins tərkibi söyüd, ağyarpaq qovaq, qarağac, tut, uzunsaplaq palıd, gürcü palıdı, saqqız ağacı, kollardan isə yemişan, murdarça, yulğun, cır nar, böyürtkən, qaratikan, qızılca və s.-dən ibarətdir.

Ağcabədi Regional Meşə Təsərrüfatı Mərkəzinin baş mütəxəssisi Oktay Rəhimovun sözlərinə görə, 2000-ci ildən bəri hər il 15-20 hektarı təbii yolla bərpa edirlər: “Sonra boş seyrək yerlərə ağaclar əkirik, meşələrin bərpa olunması üçün lazımi tədbirləri görürük. Meşələrin salınması üçün coğrafi mövqeyə uyğun olan ağac cinslərindən qarağac, akasya, qlidiça, meliya, makliyora, iydə cinslərindən istifadə edirik”.

Bir tərəfdən 1990-2000-ci illərdə qazsız qalan insanların isinmək məqsədilə meşə zolağındakı ağacları kəsməsi, digər tərəfdən də öz məcrasından çıxaraq daşan Kür çayı Tuqay meşələrinin qurumasına səbəb olub. Yaşıllıq massivlərinin yox olma təhlükəsi dövləti də ciddi narahat edir. Son illər tədricən seyrələrək açıq talalara çevrilən Tuqay meşələrinin bərpasına başlanıb. Ən əsası isə meşə ərazisində ting təsərrüfatları yaradılıb:

Baş meşəbəyi İsmət Abbasov deyir ki, Ağcabədi Regional Meşə Təsərrüfatının Mərkəzinin ümumi ərazisi 1600 hektar ərazini əhatə edir: “Bu il 2020-ci ilin əkin planı 70 hektardır, ondan 20 hektarı yaz mövsümündə əkilib. Adətən, yerli cinslərə uyğun qarışıq sxemində əkilir. VSPIŞKA: Yaz mövsümündə 20 hektarda tut bağları salmışıq. Tut toxumlarını adətən yerli cinslərdən özümüz istehsal edirik, özümüz yığıb quruduruq və yığan kimi də sahələrə tədarük edirik. Bir il keçdikdən sonra onları böyütmə sahələrinə köçürürük”.

Tuqay meşələrinin seyrəlməsi və azalması ərazidə iqlim dəyişikliyinə də səbəb olub. Tədqiqatlardan da məlumdur ki, Kürqırağı Tuqay meşələrinin cins tərkibi son 50 ildə azalmaqla yanaşı, Kür-Araz ovalığında səhralaşma prosesləri genişlənməyə başlayıb və bu gün də sürətlə artmaqdadır. Tuqay meşələrinin yenidən öz şöhrətinə qovuşması üçün Prezident İlham Əliyev xüsusi tapşırıqlar verib. Meşə zolağının Ağcabədi rayonu ərazisində əkilən meyvə ağaclarının toxum və tinglərinin bir qismi yerli olsa da, digər qismi xaricdən gətirilən daha məhsuldar toxumlardır.

Oktay Rəhimovun sözlərinə görə, Ağcabədi meşəbəyliyi üzrə əsasən yeni meşələr salınır: “Tez yetişən Türkiyə qovağının cinsindən ibarət meşə salmışıq. Baramaçılığın inkişaf etdirilməsi məqsədilə tut bağları yetişdiririk”.

Hazırda yetişdirilən ting sahələrində lazımı qədər ağaclar var. Meşəbəyilər isə coğrafi mövqeyə uyğun olaraq daha çox nar və tut ağacları əkirlər. Ümid edirik ki, bütün görülən işlər Tuqay meşələrinin əvvəlki şöhrətini özünə qaytaracaq.

Habil Aslanoğlu

Arzu Quliyev

APA TV

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın