16:50 12 Avqust 2020 323
Ana səhifə Xəbərlər

Lənkəran sakinini döyərək 100 min manatlıq qızılını oğurlayan şəxslər tutuldu

Quldurluq yolu ilə Lənkəran sakininin 100 min manata yaxın dəyəri olan qızılını ələ keçirən şəxslər saxlanılıb.

APA TV-nin cənub bürosunun verdiyi məlumata görə, Lənkəran Şəhər Rayon Polis Şöbəsinə “VAZ-2106” markalı avtomobildə olan şəxslərin şəhər sakini Tural Fətullazadəni döyüb içərisində 100 min manata yaxın dəyərində qızıl-zinət əşyaları olan çantasını almaları barədə müraciət daxil olub.

Polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Lənkəran şəhər sakini Nazim Xəlilov, Masallı rayon sakinləri Ziya Hüseynzadə və İbrahim Məmmədli saxlanılıb.

Şəxsi axtarış zamanı onlardan psixatrop maddə olan metamfetamin də aşkar edilərək götürülüb.

Saxlanılan İbrahim Məmmədli hadisəni belə xatırlayır: “Bir çənə nahiyəsinə yumuruq vurdum, ondan sonra dəydi yerə. Çantanı buraxmırdı, bir dəfə də üzünə vurdum, çantanı aldıq. Həmin anda Elməddin gəldi, maşına atdıq çantanı, getdik. Sonra maşından düşdük, qızılları götürdük, mindik Nazimin maşınına, gəldi bizi götürdü. Ondan sonra Ziyanı götürdük qabaqda. Sonra Masallıya getdik, Nazim bizi Köçərli kəndi idi oralara apardı. Orada qızılları ayırdıq, tərəzi ilə çəkdik, təxminən 1 kiloqram 800 qram qızıl olardı”.

Hadisənin digər iştirakçısı olan Ziya Hüseynzadə də törətdiyi əməli etiraf edir: “80 min pul var idi, götürdük, gəldik. 40 min, 40 min böldük onları Nazimlə. Nazim gətirdi, düşürtdü məni Masallıda, çıxdı getdi. Mən də uşaqlara 10 min, 10 min verdim, özümə də 20 min götürdüm”.

Quldurluq əməlinin iştirakçısı olmaqda şübhəli bilinən digər bir şəxs Masallı sakini Elməddin Hüseynovun tutularaq istintaqa cəlb edilməsi istiqamətində tədbirlər həyata keçirilir.

Faktla bağlı araşdırma aparılır.

Tural Kərimov

Rövşən Əzimov

APA TV

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın