12:43 25 Sentyabr 2020 216
Ana səhifə Xəbərlər

Lənkəranda yük maşını yandı – 20 TON MEYVƏ YARARSIZ VƏZİYYƏTƏ DÜŞDÜ

Lənkəranda yük avtomobilinin qoşqusu yanıb.

APA TV-nin cənub bürosunun verdiyi məlumata görə, hadisə Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun Lənkəran rayonunun Ləj kəndindən keçən hissəsində baş verib.

Dağıstan Respublikasının vətəndaşı 1971-ci il təvəllüdlü Maqomedamin Bayrambekovun idarə etdiyi “Volvo” markalı yük avtomobilinin qoşqusu anidən alovlanıb. Yanğın qoşqunun arxa təkərlərindəki nasazlıqdan yaranıb. Sürücü dərhal avtomobili saxlayaraq qoşqunu maşından ayırıb və Fövqəladə Hallar Nazirliyinə zəng vurub.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzinin Xüsusi Xilasetmə və Lənkəran Rayon Dövlət Yanğından Mühafizə Xidmətlərinin iki yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunaraq alov söndürülüb.

Yüksək temperaturdan avtomobilin qoşqusunda meyvə yığılan 200-dən çox plastik tara əriyib və 20 tona yaxın nektar yararsız vəziyyətə düşüb.

Faktla bağlı araşdırma aparılır.

Tural Kərimov

Rövşən Əzimov

APA TV

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın