13:43 19 Sentyabr 2020 1330
Ana səhifə Xəbərlər

Soru kəndinin sorunları – LERİKDƏN REPORTAJ

Bu yol bizi Lerik rayonunun Soru kəndinə aparır, daha doğrusu, çətinliklə də olsa, aparmaq istəyir.

APA TV-nin yerli bürosunun verdiyi məlumata görə, dəniz səviyyəsindən 1000 metr hündürlükdə yerləşən bu kəndin sakinlərinin qış aylarında nələr çəkəcəyini adam heç təsəvvürünə gətirə bilmir.

Dağlıq ərazilərdə yol problemi qeyri-adi hal ola bilər, amma 50-ci kilometrə qədər asfaltlanmış Xanəgah magistralından Soru kəndini təxminən 3 kilometr ayırır:

Soru kənd tam orta məktəbinin direktoru Vahid Fazilov deyir ki, qışda rayon mərkəzinə gediş-gəliş daha da çətin olur: “Çox əziyyət çəkirik. Şəxsən qışda, qarda mümkün olmur rayona, mərkəzə getməyə, xəstə olanda xəstəni bir yerə aparmağa doğurdan da əziyyət çəkirik. Yolun bu cür bərbad vəziyyətdə olması məktəbdə şagirdlərin davamiyyətinə də mənfi təsir göstərir. Şagirdlər sərbəst gələ bilmirlər. Kəndin iç yolu doğurdan da bərbad vəziyyətdədir. Ona görə də şagirdlərin dərsə davamiyyətində gecikmələr olur, dərsə davamiyyət zəifləşir qış vaxtı”.

Həm kəndin girişindəki, həm də kənd içi yolların vəziyyəti ilə bağlı icra nümayəndəliyinə üz tutduq. Soru ilə birgə qonşuluqdakı 3 kənd Əliabad ərazi icra nümayəndəliyinə daxildir. İcra nümayəndəsi Ağamməd Abbasov bildirdi ki, Lerikdə 162 kənd var və bu kəndlərin əksəriyyətində vəziyyət eynidir. Əsasən magistral yollar asfaltlanıb, gələcəkdə kənd yollarının da asfaltlanması nəzərdə tutulub: “2010-cu ildə 50-ci km - Xanəgah yolu asfaltlanıb. 50-dən çox kəndin sakinləri həmin yoldan istifadə edirlər. Biz də hər il müvafiq qaydaya, qrafikə uyğun olaraq kənd içi yollarının cari təmiri ilə əlaqədar bələdiyyənin, rayon icra hakimiyyətinin köməkliyi ilə bunu həyata keçiririk. Oktyabr ayının əvvəlində bizə də növbə çatacaq. Bu 4 kəndin də kənd-ara yollarının təmirinə başlayacağıq”.

Amma Soru kəndinin “sorun”ları bununla da bitmir. 1800 nəfər əhalisi olan kənddə cəmi 1 artezian quyusu var. Quyu 10 il bundan qabaq qazılıb və həm məişət, həm də təsərrüfat üçün əsas su mənbəyi hesab olunur. Kənd sakini Şəmsəddin Rəmiyev deyir ki, artezianın gücü çatmır və beləliklə insanlar su üçün günlərlə növbələrdə gözləməli olur: “Deməli səhərdən axşama kimi həmişə işləyir, bekar vaxtı yoxdur. Burada yatırlar cavan uşaqlar. Mənim 69 yaşım var, mən məcbur olub sutka ilə burada qalmışam. İndi 2 həftədir buradan 1 qram su götürə bilmirəm, inanın səmimiyyətimə. 2 gün bundan qabaq vurmalı idim, mən getmişdim iş dalınca, ağır xəstənin yanına getmişdim Biləsuvara, indi gəlmişəm evdə 1 qram su yoxdur”.

Həyat mənbəyi olan sudan korluq çəkən kənd sakinləri deyir ki, 2-ci artezian quyusunun qazılması problemin həllində çox böyük rol oynayar. İcra nümayəndəsi Ağamməd Abbasovun sözlərinə görə, yol problemi kimi su problemi də yaxın vaxtlarda aradan qalxacaq: “Su artezian quyusunun qazılması nəzərdə tutulub. Qısa müddətdə, bu yaxın vaxtlarda da həyata keçirilməlidir. Rayon İcra Hakimiyyətinin vətəndaşlarla qəbulunda da bu məsələ qaldırılıb dəfələrlə, problemləri biz bilirik, bunun üstündə işləyirik. RİH, yerli icra nümayəndəsi olaraq, biz vətəndaşların şikayətlərini, xahişlərini aidiyyəti üzrə çatdırmışıq”.

Qarşıdan gələn qış aylarında zəhmətkeş kənd sakinləri başqa bir problemlə də üz-üzə qalacaq. Soyuq hava şəraiti yanacağa olan tələbatı artıracaq ki, Soru kəndi qazlaşdırılmayıb. Kənd sakini Rasim Həsənov deyir ki, yanacaq kimi odundan istifadə isə bu problemi həll etmir: “Qaz xətti mənim evimdən haradasa 50-100 metr aralıdan keçir. Dəfələrlə xahiş eləmişik, qaz xəttindən bizə düşən payı verməyiblər. Xahişimiz ondan ibarətdir ki, qaz xəttindən bizə qaz çəksinlər. Vəziyyətimiz olduqca ağırdır, qardaş. Bizim bu kənddə bir maşın odun gətirmək üçün 400-500 manat arası pul vəsaiti lazım olur. Mənim də ona imkanım çatmır”.

Ətrafdakı kəndlərdə də qaz təchizatı ilə bağlı problemlər var. Sakinlər yanacaq kimi məcbur olub odundan istifadə edirlər. Soru sakinlərinin ağlından isə bir sual var. “Evimizin yanından qaz xətti keçir, bəs niyə biz odundan istifadə edirik?”

İcra nümayəndəsi Ağamməd Abbasov bildirdi ki, qaç çəkilişi zamanı əhalinin, abonent sayının çox olduğuna görə, əsas böyük kəndlər nəzərə alınır: “Bizim ərazimiz də, Soru kəndi böyük kənddir. Hər halda, özünüz də əhali ilə görüşəndə orada təqdim olunub ki, ümumi qaz xətti oradan keçir. Mart ayının əvvəlində yenidən “Azəriqaz” İB tərəfindən şəxslər gəlib, bizim bu 4 kəndin mühəndis, layihələnmə işləri aparılıb. Pandemiya ilə əlaqədar bu işlər gecikir. Qısa müddətdə, yaxın gələcəkdə bu işə başlanılacaq”.

Müsahibimiz kəndin hər 3 probleminin yaxın vaxtlarda həll olunacağı haqqında bizi ümidləndirdi. Bu, sevindirici haldır, amma həyat şəraitinə mənfi təsir edən bu kimi problemlər əhalinin köçü ilə nəticələnir. Əsas məşğuliyyəti əkinçilik və maldarlıq olan kənd sakinləri, xüsusən də gənclər şəraitsizlikdən başqa yerlərə üz tutmalı olurlar.

Kənd tam orta məktəbinin direktoru Vahid Fazilov deyir ki, təkcə onun 11 bacı-qardaşından cəmi 2-si Soru kəndində qalıb, qalanları paytaxtda yaşayır: “Bu şəraitsizliyə görə kənd əhalsinin demək olar ki, 70%-i Bakıda, Lənkəranda, məsələn başqa şəraiti olan yerlərdə yaşayırlar, 30%-i buradadır. Təsəvvür edin ki, bu 30% buradadır nə qədər əhali var, indi hamısı burada yaşasaydı, qəsəbə boyda kənd olardı”.

Kənd sakini Rasim Həsənov da sakinlərin yaşayışın normal olduğu yerlərə köçdüyünü deyir: “Bu kənd camaatı, mənim kimi cavanlar, bəlkə nadir hallarda burada qalıblar. Niyə? Çünki bu kənddə şərait olmadığı üçün köç halları mütəmadi başlayıb”.

Vurğuladığımız problemlərin həll olunması kənddə əhali sayının azalmasını da dayandıra bilər. Soru kəndinin “sorun”larının tezliklə həll olunacağı ümidiylə...

Tural Kərimov

Rövşən Əzimov

APA TV

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın