10:37 06 Mart 2021 125
Ana səhifə Xəbərlər

“Like”lara qurban gedən gəncliyimiz - ARAŞDIRMA

Sevil Atakişiyeva, Fidan Hüseynzadə, Seymur Əsgərov və adını bilmədiyimiz, xəbərdar olmadığımız daha neçə-neçə gənc... Bunlar son günlər intihar edərək həyatlarına son qoyan şəxslərdir.

APA TV xəbər verir ki, son bir aydır xəbər başlıqlarında 18-25 yaş qrupundan olan gənclərin özünə qəsd etməsi ilə bağlı xəbərlərə rast gəlirik. İntiharın üsulu, səbəbi başqa olsa da, bu gəncləri birləşdirən ortaq bir nöqtə var - çıxış yolunu intiharda tapmaq.

Bəs görəsən, ailə himayəsində yaşayan bu gəncləri intihara vadar edən nədir?

Paytaxt sakinləri arasında apardığımız sorğu zamanı aydın oldu ki, gənclər arasında artan intiharların səbəbini kimisi sosial şəbəkələrdən düzgün istifadə edilməməsində, kimisi də canlı ünsiyyətin azalmasında görür:

- Məncə, ən çox bu tik-toklar, likelər, instagramlar, məqalələr - bunlardır intiharlara səbəb. Hətta mən keçən dəfə belə bir xəbər oxudum ki, Rusiyada gənc qız tik-tok aludəçisi olub, sonda keçirdiyi sarsıntı onun intiharına səbəb olub.

- Çox eşitmişəm 18, 14-cü mərtəbədən atırlar gənclər özlərini. 14 yaşındakı oğlan bu yaxınlarda intihar etmişdi. Ana, ata öz övladları kimi yox, dost, bacı-qardaş kimi rəftar etməlidirlər ki, uşaq qorxmasın, çəkinməsin problemini deməkdən.

- Mən öz dostlarımla bölüşürəm problemimi. Məncə, indi gənclər, insanlar hamısı sosial, virtual olaraq danışırlar, canlı ünsiyyət azdır.

Psixiatr Ruslan Əliyev deyir ki, gənclər arasında zəncirvarı forma alan intiharların səbəbləri arasında internet çağında yaşamağımızın da payı az deyil. Özünü dəyərli hiss etmək istəyən yeniyetmələr, sosial platformalardan daha çox “bəyəni” toplamaq üçün istifadə edirlər. Sosial mediada bəzən azalan diqqət isə onların çox asan şəkildə depressiyaya düçar edə bilir: “İnternet çağı olduğu üçün insanlar daha çox sosial mediaya üstünlük verirlər, münasibətlər sosial platformalar üzərində qurulur. İnsanlar əsasən like olunmaq istəyirlər, gözlədikləri nəticəni almayanda isə depressiya halları başlayır. Normalda insanlar üz-üzə danışanda daha rahat anlaşa bilirlər, problemləri daha aydın həll edə bilirlər. Valideynlər davamlı uşaqları ilə ünsiyyət halında olmalıdır. Məsələn, bir qız oğlanla danışdığını deyəndə ana “ayıbdır, utanmalısan” deməkdənsə, onunla dost şəklində danışıb anlamağa çalışmalıdır. Məsələn, tik-tok kimi proqramlarda video paylaşırsa, valideyn uşağının bunu nə üçün etdiyini öyrənməlidir. Uşaqda qeyri-sağlam düşüncələr varsa, ana da bunu hiss edirsə, mütəxəssisə müraciət olunmalıdır. Hər kəs hər kəsi sevə bilməz, yeniyetmə ilk olaraq bunu anlamalıdır”.

Psixiatrın sözlərinə görə, intiharı planlayan yeniyetmələrdə, gənclərdə adətən özünəqapanma halları müşahidə olunur: “İnsan öz beynində planlayır bunu. Asma, dərman içmə, biləklərini kəsmə, özünü atma kimi üsullar planlaya bilər. Bu, çox ciddiyə alınmalı bir məsələdir. Valideyn uşağının “mən bezmişəm həyatdan, yaşamaq istəmirəm” kimi ifadələr işlətdiyini görürsə, dostları ilə əlaqələrini kəsibsə, özünə qapanıbsa, otaqdan bayıra çıxmaq istəmirsə, səbəbsiz aqressiyalar ortaya çıxıbsa, artıq bunlar ruhi problemlərin olduğunun göstəricisidir. Bu, bir həyəcan təbilidir, mütləq şəkildə müdaxilə olunulmalı vəziyyətdir”.

Psixiatr deyir ki, əksər hallarda depressiv hallar yaşayan gənclər, yeniyetmələr mütəxəssisə müraciət etməkdən çəkinirlər. Bu halda valideynlər psixoloqla, mütəxəssislə kompakt şəklində olmalı, gənci intihara sürükləyəcək səbəbləri birlikdə aradan qaldırmalıdırlar. Bu baxımdan gənclər arasında pandemiya şəklində yayılmağa davam edən intiharların qarşısını alınmasında ən böyük vəzifə valideynlərin üzərinə düşür.

Saytlarda, xəbər başlıqlarında intihar edən və ya intihara cəhd edən gənclər haqqında deyil, onların qazandığı uğurlar barədə xəbərlər yazmaq, reportajlar yazmaq diləyi ilə...

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın