08:40 27 Fevral 2020 800
Ana səhifə Xəbərlər

Masazır sakinini öldürüb basdıran “Əmioğlu” ləqəbli şəxs yaxalandı

Masazır sakinini güllələyən “Əmioğlu” ləqəbli şəxs saxlanılıb.

DİN mətbuat xidmətindən APA TV-yə verilən məlumata görə, Baş Cinayət Axtarış İdarəsi və Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən birgə keçirilən əməliyyat nəticəsində əvvəllər dəfələrlə məhkum olunmuş “Əmioğlu” ləqəbli Eldar Cabbarov tutulub.

Saxlanılan zaman onun üzərindən 10,480 qram heroin və 3,478 qram tiryək aşkar olunaraq götürülüb.

İstintaq zamanı müəyyən edilib ki, Eldar Cabbarov 2019-cu ilin sentyabrında Sumqayıt şəhəri, 21-ci mikrorayon ərazisində tanışı Eldəniz Səmədovun “Mercedes” markalı avtomobilini və maşının yük yerində olan 4350 manat nağd pulu hədə-qorxu ilə tələb edərək ondan alıb.

Həmçinin fevralın 22-dən Sumqayıt şəhəri ərazisindən idarə etdiyi “Mercedes” markalı avtomobillə birgə itkin düşmüş Zaur Mircəfərovun da Eldar Cabbarov tərəfindən odlu silahla qətlə yetirildiyi müəyyən edilib. O, həmin şəxsi qətlə yetirəndən sonra izi itirmək məqsədilə meyiti Abşeron rayonu Masazır qəsəbəsində tikilməkdə olan evlərin birinin zirzəmisində basdırıb.

Polis əməkdaşları tərəfindən meyitin yeri müəyyən edilərək eksqumasiya edilib.

Eldar Cabbarov qətli törədən zaman istifadə etdiyi “Makarov” markalı odlu silahı patronları ilə birgə polis əməkdaşlarına təhvil verib.

Faktla bağlı cinayət işi başlanılıb.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın