00:00 22 Fevral 2020 234
Ana səhifə Xəbərlər

Maşın 70 metr hündürlükdən dərəyə yuvarlandı, ata və azyaşlı oğlu öldü – LERİKDƏ AĞIR QƏZA

Lerikdə avtomobil 70 metr hündürlükdən dərəyə yuvarlanıb, ata və 2 yaşlı oğlu dünyasını dəyişib.

APA TV-nin cənub bürosunun verdiyi məlumata görə, hadisə rayonun ucqar dağ kəndi olan Orandda baş verib.

Belə ki, 1989-cu il təvəllüdlü Mail Rüstəmovun idarə etdiyi "UAZ" markalı avtomobilin dərəyə aşması nəticəsində 2 yaşlı körpə Hüseyn Rəhimzadə hadisə yerində dünyasını dəyişib.

Qəza zamanı avtomobilin sürücüsü Mail Rüstəmov və sərnişinləri - 1988-ci il təvəllüdlü Xəqani Rəhimov, 1993-cü il təvəllüdlü Elnarə Rəhimli, 2012-ci il təvəllüdlü Zəhra Rəhimli, 2016-cı il təvəllüdlü Nigar Rəhimli və 2017-ci il təvəllüdlü Hüseynəli Rəhimli müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Xəstəxanaya yerləşdirilib. Lakin Xəqani Rəhimovun vəziyyəti ağır olduğundan onu xilas etmək mümkün olmayıb.

Lənkəran Rayon Mərkəzi Xəstəxanasının həkimi Hikmət Əliyev deyir ki, xəsarət alan digər xəstələrin müalicəsi davam etdirilir: “Baş vermiş qəza nəticəsində Lənkəran Rayon Mərkəzi Xəstəxanasına 3 azyaşlı uşaq daxil olmuşdur: Rəhimli Nigar, Rəhimli Hüseynəli və Rəhimli Zəhra. Onların anası 1993-cü il təvəllüdlü Rəhimli Elnarə də xəstəxanaya daxil olmuşdur. Bu uşaqların atası 1988-ci il təvəllüdlü Rəhimli Xəqani isə Reanimasiya şöbəsinə birbaşa təcili yardım vasitəsilə gətirilib. Müayinə və ilk baxış zamanı Xəqaninin həyatda olmadığı aşkarlanıb. Qalan azyaşlı uşaqlara, qadına müalicə tədbirləri aparılır. Vəziyyətləri orta-ağırdır”.

Maşının idarəetmədən çıxmasına səbəb kimi dağ yolunun qarla örtülü olması göstərilir. Faktla bağlı araşdırma aparılır.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın