15:33 29 İyun 2020 1286
Ana səhifə Xəbərlər

Maska taxmamağa görə cərimələr artırıldı – QANUN LAYİHƏSİ QƏBUL EDİLDİ

Milli Məclisin növbədənkənar sessiyasının növbəti plenar iclası keçirilib.

APA TV-nin xəbərinə görə, iclasın gündəliyinə 17 məsələ daxil edilib.

İlk olaraq İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi müzakirəyə çıxarılıb. Layihəyə əsasən, pandemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti tərəfindən müəyyən edilən tələblərin pozulmasına görə, habelə vəzifəli şəxslər və hüquqi şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə, fiziki şəxslər 100 manat məbləğində, vəzifəli şəxslər 200 manat məbləğində, hüquqi şəxslər 400 manat məbləğində cərimə ediləcək.

Bu xətanın qanun qüvvəyə mindiyi gündən 1 il ərzində təkrar törədilməsinə görə, fiziki şəxslərə 200, vəzifəli şəxslərə 400, hüquqi şəxslər isə 800 manat məbləğində cərimə yazılacaq.

Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov deyib ki, kimlərinsə qanunu pozması nəticəsində insanlar xəstələnirsə, cərimələr daha da sərtləşdirməlidir. Onun sözlərinə görə, bəzən bunu başqa cür qələmə vermək istəyənlər də tapılır: “Biz vətəndaşlardan xahiş edirik ki, 30 qəpik verib maska alsın və cərimə ödəməsin. Bu həm də onların sağlamlığının qorunmasıdır. Biz qanunu daha da sərtləşdirməliyik. Bizim hər birimiz intizamlı olmalıyıq. Hesab edirəm ki, koronavirusla əlaqədar şayiə yayanlar barədə də ölçü götürülməlidir. Bəziləri sosial şəbəkələrdə yazır ki, pandemiya yoxdur. Bunlar barədə ölçü götürülməlidir. Bəziləri hətta belə bir informasiyalar yayır ki, siz qanunu pozun, cənab Prezident və Mehriban xanım Əliyeva həmin cərimələri ödəyəcək. Evin üstündə çıxıb domino oynayan şəxsin cəriməsini niyə Prezident və xanımı ödəməlidir?"

Deputat Əhliman Əmiraslanov isə bildirib ki, son 14 gün ərzində ölkəmizdə COVID-19-a yoluxanların sayı 50 faiz artıb. Deputat bunun ciddi rəqəm olduğunu vurğulayıb: “Yoluxanların sayının artması səhiyyə sistemində böyük gərginlik yaradır. Hazırda səhiyyə müəssisələrinə xəstələrin tam əksəriyyəti ağırlaşmış vəziyyətdə müraciət edir, reanimasiya və süni tənəffüs aparatına ehtiyac olan xəstələrin sayı artır. Bu gün ölkəmizdə virusa yoluxmada ciddi artım varsa, deməli, sanitar-epidemioloji qaydalara ciddi riayət etmirik. Əgər xəstə və sağlam insan maskadan istifadə edərsə, yoluxma 1,5 faiz olar. Sosial məsafə də qorunsa, yoluxma faizi daha da azalar. Təəssüf ki, bu gün sosial mediada anti-təbliğata da rast gəlirik və bu da insanların karantin rejiminə riayət etməsinə mane olur. Biz karantin qaydalarına ciddi riayət etməsək, koronavirus bizim də ailəmizə gələcək.

Qeyd edək ki, sözügedən qanun layihəsi və bir sıra digər qanun layihələri səsə qoyularaq qəbul edilib.

İlahə Vəliyeva

Faiq Həsənov

APA TV

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın