17:19 15 Sentyabr 2020 198
Ana səhifə Xəbərlər

Maskalı, məsafəli birincilər – YENİ TƏDRİS İLİ BAŞLADI

Tam fərqli başlanğıc… Tam fərqli Bilik günü… Bu gündən ibtidai siniflər üçün tədris əyani formada başlayır.

6 ay 12 gün ayrılıqdan sonra şagird səs-küyü eşidilməyən sinif otaqlarından birincilərin səsini eşitdik.

160 saylı Klassik Gimnaziyanın birinciləri maraqla müəllimələrini dinləyirdilər.

Kimisi rəsm çəkir, kimisi söhbət edir, kimisi yeni çantasını, məktəb ləvazimatını digərinə göstərir, kimisi isə səbirsizliklə anasının yolunu gözləyirdi:

- Evə istəyirəm. Mamama istəyirəm. Burda darıxdım, azca şəkil çəkdim, yaşıl rəngi sevirəm.

Deyəsən, birincilər pandemiya dövrünün Bilik gününə tam hazır vəziyyətdə qatılmışdılar. Sevincli idilər, əvvəlki illərdən fərqli olaraq, balacalardan valideyni üçün ağlayanlara da az rast gəldik.

Balaca Fatimədən fərqli olaraq, Fərəh çox sevincli idi. İlk gündən məktəbi və müəlliməsini sevdiyini gizlətmədi: “Məktəbdə darıxmadım, qəşəngdir. Şəkil çəkirəm. Anam-atam üçün də darıxmıram, şəkil çəkirəm. Böyüyəndə rəssam olacam, Günəş çəkəcəm”.

Məktəb sevincini yaşayan birinciləri həm müəllimləri, həm də məktəbin direktoru Faina Ələkbərova təbrik etdi: “15 sentyabr həmişə bizim üçün böyük bayram olub. Bu il bu sevincimiz isə fərqlidir. Həm ilk dərs günü, həm də uzun ayrılıqdan sonra ilk görüş. Məktəb dəhlizlərindən uzun müddətdir şagird səsi gəlmirdi, kədərli idik. Bu gün sevincimizin həddi-hüdudu yoxdur. Artıq sinif otaqlarından uşaq səsləri, onların gülüşləri gəlir. Baxmayaraq tam deyilik , amma fərqlidir”.

Bu il yeni dərs ili pandemiya dövrünə təsadüf etdiyindən, məktəb dəhlizlərində valideyn sıxlığı ilə qarşılaşmadıq. Elə Ülkər Qasımov da bu günə kimi, Bilik gününün fərqli keçirildiyini deyir: “Bu günə kimi Bilik günü çox fərqli keçirilib. Bizim övladlarımızın ilk dövrü isə pandemiya dövrünə təsadüf etdi. Buna baxmayaraq, çox xoşbəxtəm, övladımın məktəbdə ilk dərs günüdür. Bu, inanılmaz bir hissdir, qürurdur, fəxrdir. Bütün valideynləri təbrik edirəm, sevinin, fəxr edin. Sağlıqla dərslərinizə davam edin”.

Bilik günündə paytaxtın Nəriman Nərimanov adına 45 saylı tam orta məktəbinə də baş çəkdik. Bizi görüb sevinənlər də oldu, kameranın həyəcanından bildiklərini yadından çıxaran birincilər də

- Bütün bildiklərim yadımdan çıxdı eee. Yox, yenə yadıma sala bilmədim.

- El bilir ki… El bilir ki, El bilir ki…

Şeirlərini unutmayalar isə həm də müəllimələrini təbrik etdilər.

45 Saylı tam orta məktəbin ibtidai sinif müəlliməsi Səlmi Şıxəmirovanın da arzularını eşitdik: “Çox əlamətdar günlərdən biridir. Çoxdandır məktəbdən ayrılmışdıq. Bütün pedaqoji kollektivimizi, valideynləri və şagirdləri təbrik edirəm, uğurlar arzulayıram”.

Paytaxtın Binəqədi rayonunda yerləşən 244 nömrəli tam orta məktəbin, eləcə də 284 nömrəli tam orta məktəbin birinciləri ilə də görüşdük.

Qədəmləriniz uğurlu olsun, əziz birincilər! Fərqli başlanğıcın sonu işıqlı olsun!

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın