18:14 11 Avqust 2020 528
Ana səhifə Xəbərlər

“Maskasız daxil olmaq qadağandır” – TİCARƏT OBYEKTLƏRİNDƏ QAYDALAR GÖZLƏNİLİRMİ?

COVID-19 infeksiyasına yoluxmanın dinamikasında müsbət tendensiyanın müşahidə olunması və iqtisadi aktivliyin gücləndirilməsi zərurəti nəzərə alınaraq Nazirlər Kabineti yanında Operativ Qərargah bəzi istehsal, ticarət və xidmət sahələrinin fəaliyyətinə icazə verilməsi haqda qərar qəbul etdi.

APA TV xəbər verir ki, artıq iki gündür ki, fəaliyyətinə icazə verilən ticarət obyektləri fəaliyyətini bərpa edib. Maraqlıdır görəsən bu ticarət obyektləri Operativ Qərargahın təsdiq etdiyi qaydalara riayət edirmi? Bu suala aydınlıq gətirmək üçün bu dəfə paytaxtın mərkəzi rayonlarında deyil, mərkəzdən kənardakı mağazalara baş çəkdik.

Uzun müddət sonra açılan mağazalar müştəri ilə dolu olmasa da, səliqə-sahmanı, eləcədə gigiyenik qaydalara ciddi əməl olunması ilə diqqətimizi çəkdi.

Qapıdakı “maskasız giriş qadağandır” yazısı isə müştərilər kimi bizim də diqqətimizdən yayınmadı. Elə satıcılar da yazılan qaydalara əməl etdiklərini deyirlər:

- İki gündür işləyirik. Heç kimə mağazaya maskasız daxil olmağa icazə vermirik. Əgər vətəndaş maskasızdırsa mütləq ehtiyatda olan maskaları onlara özümüz təqdim edirik. Bu həm bizim, həm də onların sağlamlığı üçündür.

- Bizdə gigiyenik qaydaya riayət etməyən müştəridən xahiş edirik ki, mütləq qaydalara riayət etsinlər. Hələ ki, qayda pozan müştəri ilə rastlaşmamışıq.

Qiymətlər barədə soruşduğumuz zaman isə yay mövsümü bitdiyi üçün müəyyən endirimlərin tətbiq olunduğu bildirildi. Mağaza daxilində müştərilərdən bir neçəsi ilə söhbətləşdik. Onların sözlərinə görə, gündəlik olaraq işə gedib-gəldikləri üçün geyim mağazalarının bağlı olması müəyyən çətinliklər yaradırdı:

- Qızıma geyim almağa gəlmişik. Yaxşı ki, açıldı mağazalar. Hər birimiz çalışırıq ki, maskadan istifadə edək. Amma etməyənlərlə də qarşılaşırıq. Mən hərdən belə halla qarşılaşanda xahiş edirəm ki, maskasız nə bizi nə özünüzü təhlükəyə atmayın.

- Bilirsiniz necədir? COVID-19 dünyanın problemidir. Çox şükür ki, indi hamımız qaydalara əməl edirik. Amma bəzən inanmayanlar da olur. Mən də məsləhət görürəm ki, çalışıb sağlamlıqlarını qorusunlar.

Təxminən iki saat çəkiliş apardığımız mağazalarda qayda pozan nə obyekt sahibi nə də müştəri ilə qarşılaşmadıq:

- İki aydır gözləyirəm paltar alım. Bayaqdan gəzirəm. İndi zövqümcə olan paltar tapıldı. Maskasız gəzmirəm, hətta gündə bir neçə dəfə dəyişirəm. Sağlam olmaq vacibdir, evdə körpə uşağım və anam var.

Baş çəkdiyimiz uşaq oyuncaqları mağazasının sahibi də maskasız gələn müştəriyə özünün maska təklif etdiyini deyir:

- Xanım baxın kassaya alıb qoymuşuq. Çünki, vacibdir. Mən maskasız adam görəndə elə bil paltarsız adam görürəm. Dərhal maska verirəm, öz ehtiyatımdan. Başqa cür mümkün deyil. Hamı əməl etsə işlər də yaxşı olar.

Belə, gördüklərimizi sizə də göstərdik. İşiniz avand, müştəriniz bol olsun!

Sevinc

Faiq.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın