11:00 21 Noyabr 2020 687
Ana səhifə Xəbərlər

“Maştağa” ləqəbli döyüşçü: “Qarabağda yaşamaq istəyirəm”

Yəqin ki, bu kadrları hər biriniz görmüsünüz. “Maştağa” ləqəbli döyüşçü Vidadi Ağagülov...

O, birinci Qarabağ savaşında Ordumuzu düşmən haqqında kəşfiyyat məlumatları ilə təmin edirdi. Günlərlə düşmən mövqelərində olur, onun yerləşmə yerini, sayını, döyüş texnikaları haqqında məlumatlar öyrənib Ordumuza çatdırırdı: “1990-cı ildə Nazirlər Kabinetinin əmri ilə Xüsusi Təyinatlı Polis Dəstəsi yaradılmışdı. Bizim general Məhəmməd Əsədov keçmiş Əfqanıstandan gələn döyüşçüləri yığdı ora. Rus dövründə desant qoşunları vardı. Orda qulluq edənlər, kəşfiyyatda işləyənlər - təcrübəli zabitlərin hamısını dəvət elədi. Mənim də döyüş yolum buradan başladı”.

O günləri xatırlayan döyüşçü Ağdərənin azad olunmasında da iştirak edib: “Şəhərə daxil olmamışdan qabaq məlum oldu ki, düşmənin orada böyük qüvvəsi və texnikası var. Qərar verdilər, mən getdim girdim ora. Düşmənin mövqelərini bizim artilleriyaya, topçulara verdim. Həmin koordinatlarla da düşməni məhv elədik. Həmin zaman quru qoşunlarımız hərəkətə keçdi və Ağdərə şəhərini ələ keçirdi”.

Əldə etdiyi kəşfiyyat məlumatları ilə bir döyüşün taleyini həll edən Vidadi Ağagülov düşmənin geri oturdulması ilə yanaşı, döyüş yoldaşlarının da həyatını xilas etmiş olur. Bəs necə oldu ki, onu hər kəs “Maştağa” ləqəbi ilə tanıdı?

“Maştağa ləqəbi oradan götürüldü ki, məndən nigaran qalmışdılar. Mən bir neçə gün idi ki, oturmuşdum düşmənin içində. Sonra oradan çıxanda komandir demişdi ki, bu uşağı göndərmək lazımdır Maştağaya, orada müalicə olunsun. Yəni ağıllı adam ora gedib girməz. Mən orda olanda heç düşünmürdüm ki nədir, necədir? Mən tapşırığı həyata keçirirdim. Bilirdim ki, mənim verdiyim koordinatlarla qardaşlarım girəcəklər döyüşə. Gərək elə edim ki, itki az olsun. Orada heç bir düşünmürsən ki, kimsə səni öldürər, ya necə”.

Qəhrəman döyüşçünün sözlərinə görə, kəşfiyyat işini daha dəqiq yerinə yetirə bilməsi üçün düşmənin dilini də öyrənib. Sentyabrın 27-dən başlayan Ordumuzun əks-hücum əməliyyatı zamanı Vidadi Ağagülov da ordu sıralarına yazılır və ikinci Qarabağ savaşına qatılır.

Deyir, bu döyüşlər zamanında qarşısına 3 məqsəd qoyub: o torpaqlara mümkün qədər tez ayaq basacaq, lazım gələrsə, son nəfəsinə qədər döyüşəcək və əsgər-zabitlərimizin yanında olmaqla onlara öz təcrübəmdən nələrisə öyrətməyə çalışacaq: “Mənim üçün böyük xoşbəxtlikdir ki, mən bu döyüşdə də iştirak edə bildim. 55 yaşımı əsgərlərlə birlikdə qeyd etdim. Heç bir zaman hərbi formanı əynimdən çıxarmamışam. Qarabağ Azərbaycan üçün hər şeydir. Qarabağ alındıqdan sonra bizim başımız uca oldu. Hər şeyimiz onunla geri qayıtdı”.

Vidadi Ağagülovun komandiri olmuş İlham Rüstəmov da onun döyüş yolunu böyük qürur hissi ilə xatırlayır. 30 ilə yaxındır ki, onun bu günü, Qarabağın işğaldan azad ediləcəyini böyük səbirsizliklə gözlədiyinin şahidi olduğunu deyir: “Maştağa” müəllim bizim sevdiyimizdir. Canımız, ciyərimizdir. 90-cı ildə biz onunla bir yerdə vuruşurduq. Bütün cəbhə bölgəsində, bütün əməliyyatlarda bir yerdə idik. İndi 27 ildən sonra yenə bir yerdəyik”.

İlk sırada Xocalı şəhidləri olmaqla bütün şəhidlərimizin qisasının məhz döyüş meydanında alınması Vidadi Ağagülova mənəvi rahatlıq verir. Ən böyük arzusu isə bundan sonrakı həyatını elə Qarabağa həsr etmək, orada yaşamaqdır.

Xələf Xələfov,

Musa Qulammirzəyev,

APA TV

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın