11:05 06 İyul 2020 357
Ana səhifə Xəbərlər

Maştağa qəsəbəsinin 20 illik problemi – REPORTAJ

“Su aydınlıqdır” deyiblər, amma Maştağa qəsəbəsinin Xanlar küçəsinin sakinləri 20 ilə yaxındır, bu aydınlığa həsrət qalıblar.

APA TV xəbər verir ki, sakinlər deyir ki, evimizin yanından əsas su xətti keçsə də ona qoşulmağa icazələri yoxdur. Problemlə bağlı dəfələrlə Sabunçu rayon Sukanal İdarəsinə edilən müraciətlər isə hələ də cavabsız qalıb.

Qəsəbə sakini İslaməli Əliyev deyir iki, əvvəllər suyu maşınla alsalar da indi onu da edə bilmirlər: “Evimizin yanından mərkəzi xətt keçir, amma biz oradan su çəkə bilmirik. İcazə vermirlər bizə. Yaxşı ki, qonşunun quyusundan şirin su çıxır. Bütün qonşular bu quyunun suyundan istifadə edir. Əvvəllər suyu maşınla alırdıq. İndi heç maşınla da ala bilmirik. Maşından su almaq üçün çən, anbar lazımdır. Onun üçün də imkanımız yoxdur”.

Dəyanət Nuriyev də 20 ildir susuzluqdan əziyyət çəkdiklərini deyir: “Hamımız vedrələrlə, baçoklarla qonşudan su daşıyırıq. Suyumuz gəlmir. Demək olar ki, bütün qonşular suyu burdan gəlib aparır. Özüm II qrup əliləm. Güc-bəla ilə hər gün gəlib 1 vedrə su apara bilirəm. Xahişimiz bundan ibarətdir ki, bu məhəllələrə su çəkilsin və bu əziyyətlər bitsin”.

Elşən Əsgərov da illərdir sadalanan problemlərdən əziyyət çəkir: “Neçə illərdir, bizim məhəlləyə su gəlmir. Camaat susuzluqdan əziyyət çəkir. Biz xahiş edirik ki, bizim üçün su çəksinlər. Suyu ancaq kimin quyusu varsa, ondan daşıyırıq. Nə bilim, arvad-uşaq hamısı qalır əl-ayaq altında. Bu problemə son qoymaq lazımdır”.

Bu azmış kimi ərazidə kanalizasiya sistemi də mövcud deyil. Sakinlər çirkab suları özləri qazdığı quyulara axıdırlar. Elşən Əsgərov deyir ki, bu da yayın istisində üfunət qoxusunun yayılmasına səbəb olur: “İkinci istəyimiz kanalizasiya sisteminin qurulmasıdır. Kanalizasiya xətti olmadığına görə məcburuq ki, anbarları qapımızın ağzında qazaq, çirkab suları ora axsın”.

Sərvər Cəbrayılov da isti yay günlərində susuz qalmanın çətin olduğunu bildirir: “Su gəlmir, kanalizasiya problemimiz var. Problemlərimiz həll olunsaydı, çox yaxşı olardı. Çətinlik çəkirik, yayın istisində suya həsrət qalmışıq. Məcbur qalıb quyu suyu işlədirik. Quyu suyu da o qədər şirin deyil. Bura içməli su xətti çəkilməlidir. Gücümüz çatmır ki, içməli suyu pulla alaq. Quyu suyu da hər vaxt olmur. Quyu suyunu içmək mümkün deyil”.

Məsələdən xəbərdar olduqlarını deyən “Azərsu” ASC-nin mətbuat katibi Anar Cəbrayıllı bildirdi ki, yaxın zamanlarda həmin ərazilərə su xətlərinin çəkilməsi gözlənilir: “Sakinlərin dediyi magistral su xətləri tranzit xarakterlidir. Həmin ərazidən suyu keçirməklə Maştağa, Zirə, Qala anbarlarına daşınmasını təmin edirik. Biz insanlara icazə versək ki, həmin xətlərdən su götürsünlər, onda heç Pirallahıya, Zirəyə su gedib çatmaz. Bu magistral xətlərin öz təyinatı var. Elə magistral xətlər var ki, bu gün onlardan şəbəkə kimi istifadə olunur. Amma elə magistrallar var ki, biz qəti qadağan etmişik ki, bura fərdi şəbəkələr qoşulmasın. Ona görə, bunların hamısı mərhələli şəkildə icra olunur. Bu məsələlərin hamısından “Azərsu” ASC olaraq xəbərdarıq. Gələcək layihələrimizdə bunların hamısını nəzərə almışıq”.

Qeyd edək ki, Sabunçu rayonu Maştağa qəsəbəsinin Xanlar küçəsində 200-ə yaxın ailə yaşayır.

Həmidağa Məcidov,

Üzeyir Ağayev,

APA TV

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın