20:40 24 Yanvar 2020 1630
Ana səhifə Xəbərlər

Məcburi köçkün: “Həyat yoldaşım daxmada yaşamaq istəmədi, boşandıq”

Ağdam rayonunun Umudlu kəndindən məcburi köçkün düşmüş Zeynalovlar ailəsi Tərtər rayonunun Mamırlı kəndində məskunlaşıb.

APA TV-nin Qarabağ bürosunun xəbərinə görə, bir otaqlı palçıq kərpicdən ibarət olan daxmada yaşayışın qeyri-mümkün olduğu kadrlardan da aydın görünür.

Vüsal Zeynalov ailəli olub, bir qız övladı var. Lakin şəraitsizlik ucbatından məhkəmə qərarı ilə övladının anasından boşanıb: “Səbəb bu evin üstündə oldu. Burada yaşayış pis olduğu üçün yola getmədik. Dedi, mən belə evdə yaşaya bilmərəm”.

Vüsal bu daxmada qeydiyyatda olsa da, 84 yaşlı anası Maya Zeynalova yataq xəstəsi olduğu üçün rayonun Qapanlı kəndində yaşayan bacısının evində yaşayırlar. 2017-ci ildə Qaçqın və Məcburi Köçkünlərin İşi Üzrə Dövlət Komitəsinin yaratdığı komissiya bu ailənin problemləri ilə maraqlanaraq qeydiyyat aparıb. Vüsalın sözlərinə görə, evin orderi və ya orderi əvəz edən sənəd onlara təqdim olunmayıb: “Bizi qeydiyyata aldılar. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayevin göstərişi ilə Natiq Hüseynov gəldi, Ağdam icra nümayəndəsi, Tərtərin İcra hakimiyyətinin başçısının müavini Abbas müəllim gəldi. Fərhad müəllim gəlib dedi köçürsünüz. Anama dedilər ki, sənədlərinizi verin, köçürsünüz, eviniz qəzalı vəziyyətdədir”.

Vüsal Zeynalov dəfələrdə aidiyyəti qurumlara müraciət etdiyini, lakin hələ də müsbət bir cavab almadığını deyir. Onun iddiasına görə, Tərtər rayonunun Şıxarx qəsəbəsində salınan şəhər tipli köçkün qəsəbəsində hələ də boş ev var:

“Dedim ki, biz qeydiyyatdayıq, qeydə almısınız. Bizi qeydiyyata aldılar, lakin kupon vermədilər. Həqiqətən o vaxtlar kuponu köçürülən zaman “KamAZ” gətirirdi. Dedilər, yazmışıq, “KamAZ”, gətirəcək, neçənci binaya düşürsünüzsə, yükünüz ora daşınacaq. Nə maşın gəldi, nə də kupon. VSPŞKA: Şıxarxda boş ev var. Mənə deyirlər ki, tapşırıq versinlər, verək”.

Məsələyə münasibət bildirən Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsinin Tərtər rayonu üzrə nümayəndəliyinin baş məsləhətçisi Möhlət Nəzərov Zaur Zeynalovun iddialarının yalan olduğunu dedi. Bildirdi ki, Ağdam Rayon İcra Hakimiyyətinin başçısı dəfələrlə rayon ərazisində həmin ailəyə ev təklif etsə də, Zeynalovlar ailəsi həmin təklifdən imtina ediblər: “Zeynalov Vüsal Yəhya oğlunun etdiyi müraciətlə bağlı sizə onu deyə bilərəm ki, evlərin paylanışı zamanı həmin vaxtda demək olar ki, Vüsalın kommunal xərcləri Bərdə rayonundan çıxmışdı. Onların sayğacında bir il altı ay sərfiyyat çıxmayıb. Bu səbəbdən də Dövlət Komitəsi tərəfindən araşdırmaya verilmişdi. Sonra Ağdam rayonunda ona ev təklif olunub, lakin o evdən imtina edib”.

Bu səbəbdən Zeynalovlar ailəsinin evlə təmin olunması yalnız Tərtər rayonu ərazisində növbəti dəfə ev tikildiyi vaxt mümkün ola bilər.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın