14:07 21 Oktyabr 2020 168
Ana səhifə Xəbərlər

Məktəb direktoru: “Bu hadisə gecə yox, gündüz olsaydı, böyük faciə baş verərdi”

Terror dövləti olan Ermənistan tərəfindən 17 oktyabr tarixində Azərbaycanın ikinci böyük şəhəri olan Gəncəyə atılan raket nəticəsində məktəblər də zərər görüb.

APA TV-nin yerli bürosunun məlumatına görə, törədilən terror aktı 29 nömrəli orta məktəbi tamamilə yararsız hala salıb:

Biz indi məktəbin foyesindəyik. Kadrlarda da gördüyünüz kimi məktəbin foyesi dağılaraq yararsız hala düşüb. Operatordan xahiş edirik ki, bütün ərazini sizə göstərsin. Gördüyünüz kimi burada bir dənə əşya belə salamat qalmayıb.

Hadisə gecə vaxtı törədildiyindən məktəbdə xəsarət alan olmasa da atılan raketin yaşayış evlərinə düşməsi nəticəsində bu məktəbdə təhsil alan 3 şagird şəhid olub, biri isə yaralanıb.

Bundan başqa, məktəbin 2 işçisi də dağıntılar altında qalaraq həlak olub:

Məktəbin direktoru Valeh Hüseynov deyir ki, hadisə gündüz vaxtı baş versəydi daha böyük faciə olardı: “Mərmi, raket düşüb məktəbin yanına. Nəticədə 5-6 ev dağılıb. Çoxlu şəhidimiz var. Bu şəhidlər arasında birinci sinif şagirdimiz Məryəm Xəlili, onun qardaşı 6-cı sinif şagirdimiz Orxan Xəlili və 10-cu sinif şagirdimiz Nigar Əsgərova da var. Nigarın qardaşı hazırda reanimasiyadadır, 2 əməliyyat keçirib, vəziyyəti ağırdır. Siz təsəvvür edin ki, bu hadisə gecə yox, gündüz olsaydı, 1000 şagird, 90 müəllim 18 texniki işçi bunlar hamısı həlak olardı, böyük faciə baş verərdi”.

Qeyd edək ki ,17 oktyabrda törədilən erməni vandalizmi nəticəsində 14 nəfər dinc sakin həlak olub, 55 nəfər isə ağır xəsarət alıb.

Fuad Nazimoğlu,

Mehdi Məmmədov,

APA TV

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın