16:16 26 Yanvar 2021 169
Ana səhifə Xəbərlər

Məktəblərdə hazırlıq işləri görülür – ƏYANİ TƏHSİL BƏRPA OLUNACAQ

Fevral ayının 1-dən etibarən əyani təhsil qismən, mərhələli şəkildə bərpa olunacaq. İlk olaraq ibtidai sinif şagirdləri dərsə başlayacaqlar. Elə bu səbəbdən məktəbdə sanitar-epidemioloji vəziyyət nəzərə alınmaqla hazırlıq işləri görülür.

Koronovirusun yoluxma dinamikasında azalma müşahidə edildiyi üçün karantin rejiminə müəyyən yumşalmalar edilib.

APA TV xəbər verir ki, uzun müddət sonra bərpa ediləcək əyani təhsilə ilk olaraq ibtidai sinif şagirdləri cəlb olunacaq. Bu qərar, aylardır məsafədən, distant təhsil alan şagirdləri də sevindirir:

- Yaxşı ki, məktəb açılır, darıxmışdım məktəb üçün. Uzun müddətdir ki, onlayn dərs keçirdik, üzbəüz daha yaxşıdır.

- Müəlliməm, dostlarım üçün çox darıxmışdım. Məktəbin açılması yaxşı oldu. Dərsləri əyani keçəcəyik.

- Çox sevinirəm məktəblərin açılmasına. Dostlarımı, müəllimələrimi görəcəyəm deyə sevinirəm.

Əyani təhsilin mərhələli bərpası məktəblərin pedaqoji kollektivinin də ürəyincədir. 202 saylı məktəbin direktoru Arzu Süleymanova deyir ki, artıq təhsil müəssisələrində siniflərin dezinfeksiya edilməsinə başlanılıb: “İlk olaraq 1-ci siniflər, eyni zamanda, məktəbə hazırlıq kursları əyani dərsə qoşulacaqlar. Bu proses bizim üçün yeni deyil. Biz bu praktikadan 15 sentyabrda istifadə etmişik. Ona görə də çətinlik olmayacaq. Məktəbdə hazırlıq işləri görülür, siniflər hazırlanır. Maskadan istifadə edəcəyik, havalandırma sistemləri də işə salınacaq”.

Şagirdlər məktəbə daxil olarkən onların temperaturu ölçüləcək , əgər uşağın səhhətində hər hansı bir problem yaşanarsa, həmin uşaqlar təcrid otağında saxlanılacaq.

Təcrid otağında həmin şagirdlərə ilkin tibbi yardım göstərilməsi üçün lazımi şərait də yaradılıb.

Tənəffüslər isə klassik qaydada olmayacaq. Arzu Süleymanova deyir ki, sıxlığın yaranmaması üçün şagirdlər asudə vaxtlarını dəhlizdə deyil, sinif otaqlarında keçirəcəklər: “Şagirdlər dəhlizlərə çıxmayacaq, tənəffüslərdə öz sinif otaqlarında oturacaqlar. Böyük siniflər qruplara bölünəcək. Şagirdlər öyrəşdiyi kimi partalarda, yanaşı oturmayacaqlar, tək-tək oturacaqlar. Siniflərin sıxlığından asılı olaraq partalar arasında məsafə daha geniş olacaq. Müəllim olaraq hamımız maskadan istifadə edəcəyik. Hətta biz qoruyucu sipərlərdən də istifadə edəcəyik. Lakin balaca uşaqlar maskasız da otura bilərlər. Onların davamlı şəkildə maska ilə dərsdə iştirak etmələri sağlamlıqlarına zərər ola bilər”.

Əyani tədris həftədə 3 dəfə keçiriləcək, qalan günlər isə şagirdlər distant təhsili davam etdirəcəklər. Koronovirusa qarşı vaksinasiyaya isə müəllimlər də cəlb olunacaq. İlkin olaraq yaşı 50-dən yuxarı olan müəllimlərin vaksinasiya olunması tövsiyə edilir. Onların vaksinasiyasında heç bir məcburetmə halı olmayacaq.

Yeri gəlmişkən qeyd edək ki, fevralın 8-i və 15-i isə V-IX siniflərdə, həmçinin peşə və ali məktəblərdə əyani tədrisin qismən bərpası gözlənilir.

Fatma Zahidqızı,

Əli Ələkbər,

APA TV

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın