04:40 01 Avqust 2018 202
Ana səhifə Xəbərlər

Mərkəzi Bankın sədri: "Bizim öz planlarımız var"

"Üzən məzənnəyə keçid istiqamətində işlər görülür".

APA TV-nin məlumatına görə, Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin sədri Elman Rüstəmov bildirib ki, dünyada üzən məzənnə rejimi olan ölkələr azdır: "Bizim planlarımız var. Üzən məzənnəyə keçmək üçün ilk növbədə onun şəraitini yaratmaq lazımdır. Bunun üçün ixrac şaxələndirilməlidir. Valyutaya böyük tələbi olan idxalçılar var. Üzən məzənnə o deməkdir ki, məzənnə tələb və təklif ilə formalaşsın. Üzən məzənnə üçün liberal, şaxələnmiş valyuta bazarı mövcud olmalıdır. Son dövrlərdə aparılan işlər nəticəsində orta müddətli dövrdə şaxələnmiş valyuta bazarı yaradıla bilər. Buna uyğun şəkildə biz paralel digər tədbirləri reallaşdırmaqla üzən məzənnəyə keçə bilərik".

Elman Rüstəmov bildirib ki, bu ilin I yarısında valyuta hərraclarında satış 3,5 milyard dollar artıb: "Manatın dollara nisbətən məzənnəsi sabit qalıb, onun nominal effektiv məzənnəsi isə yüksəlib. 2018-ci ilin 6 ayı ərzində qeyri-neft sektoru üzrə nominal məzənnə 4,9 faiz möhkəmlənib. Cari ildə Azərbaycandakı inflyasiya ticarət tərəfdaşı olan ölkələrdə orta inflyasiyadan əhəmiyyətli aşağı olub ki, bu da manatın real effektiv məzənnəsinə azaldıcı təsir göstərib. Manatın qeyri-neft sektoru üzrə real effektiv məzənnəsi 2018-ci ilin birinci yarısında 1,2 faiz möhkəmlənib. 2014-cü ilin sonundan bəri manatın real effektiv məzənnəsi 35 faizdən çox ucuzlaşıb ki, bu da qeyri-neft sektorunun rəqabət qabiliyyətini dəstəkləyib".

Onun sözlərinə görə Azərbaycanda xarici valyuta ehtiyatları 5,6 faiz artıb: "Ehtiyatların 37,7 milyard dolları Dövlət Neft Fondunun, 1 milyard dollarıMaliyyə Nazirliyinin, 5,5 milyard dolları Mərkəzi Bankın ehtiyatlarıdır. Mərkəzi Bankın ehtiyatları 3 aylıq mal və xidmətlər idxalını əhəmiyyətli dərəcədə üstələyib".

Konfransda həmçinin bildirilib ki, kredit aktivliyi tədricən bərpa olunmaqdadır.

Onun sözlərinə görə, ilin əvvəlindən kredit portfeli 375 milyon manat və ya 3,3 faiz artıb.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın