03:54 01 Fevral 2020 607
Ana səhifə Xəbərlər

Şəkilləri ailə üzvlərinin qəbrlərində əks etdirilən şəhidin anım günüdür - REPORTAJ

Bu gün torpaqların bütövlüyü uğrunda canından keçən şəhid Qalib Behbudovun ölüm gündür. Behbudov Qalib Ziyadxan oğlu 1971 –ci ildə Ağdam rayonunun Mərzili kəndində anadan olub. 10 uşaqlı ailənin sonbeşiyi olan Qalib 1991-ci ildə Birinci Qarabağ müharibəsində iştirak etmək üçün özünü müdafiə dəstələrinə qoşulur. Qarakənd, Abdal Gülablı kəndləri və Güneypəyə yüksəkliyi uğrunda gedən döyüşlərdə igidcəsinə döyüşür. Sonuncu döyüşü isə 1994-cü il fevralın 1-də olur. Qalib, İşğal altında olan Novruzlu kəndində cəmləşən erməni silahlı dəstələrinin üzərinə gedir. Ərazini beş barmağı kimi tanıyan Qalib xeyli sayda erməni məhv edir.

Qalib, onlarla erməni hərbçini məhv etdikdən sonra 23 yaşında şəhid olur. Lakin, onun meydini götürmək mümkün olmur. Bu xəbər, Mərzli kəndindən köçkün düşdükdən sonra Göyçayın Qara Məryəm kəndində məskunlaşan ailəyə çatır. Bir məzarı olmayan Qalibə yas tuturlar. Sonrada ölkənin müxtəlif rayonlarında köçkün həyatı yaşamağa başlayırlar. Lakin, hara getsələr, Qalibin qorxmazlığı və torpaqların bütövlüyü uğrunda göstərdiyi şücaət onların köksünü qabardır.

Ailə, sonradan “Ergi” düzü adlanan əraziyə qayıdır. Tək səbəb, bu ərazilərin Mərzili və Novruzlu kəndinə yaxın olması idi. Qalibin atasının vəsiyyəti üzrə onların ailə fərdlərindən kim rəhmətə gedərsə, məzar daşlarına Qalibin də şəklini əks etdirirlər. Beləcə, Qalibin də bir məzarı olduğunu düşünürlər.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın