03:20 11 Fevral 2020 607
Ana səhifə Xəbərlər

Mikayıl Cabbarov: ““Kölgə”də qalmaq istəyənlər üçün qapı bağlı olacaq”

Bu gün vergi xidməti işçilərinin peşə bayramı münasibətilə konfrans keçirilib.

APA TV-nin məlumatına görə, tədbirdə vergi orqanlarının əməkdaşları, dövlət qurumları və qeyri-hökumət təşkilatlarının, o cümlədən sahibkarların ictimai birliklərinin nümayəndələri, iqtisadçı ekspertlər və digər iş adamları iştirak edib.

Konfransda çıxış edən İqtisadiyyat naziri Mikayıl Cabbarov 2019-cu ildə dövlətin iqtisadi qanunvericiliyi və inzibatçılığında edilmiş dəyişikliklər, həmçinin onların ölkə iqtisadiyyatına təsiri, şəffaflıq istiqamətində yeni çağırışlar, vergi orqanlarının sahibkarlarla qurduğu iş prinsipləri barədə danışıb.

2019-cu il ərzində iqtisadiyyatda şəffaflaşma prosesinin genişləndirilməsi və “kölgə iqtisadiyyatı”nın miqyasının azaldılması ilə bağlı ciddi addımlar atıldığını qeyd edən nazir onu da bildirib ki, son dövrlər şəffaf münasibətlərin qurulması kontekstində aparılan işlər dövlət-biznes münasibətlərində yeni transformasiyanın əsasını qoyub: “Şəffaf işləyən sahibkarlar üçün yol açıq olacaq, kölgədə qalmaq istəyənlər üçün qapıları bağlamağa çalışacağıq. Əminəm ki, sahibkarlar şəffaf işləməyin müsbət nəticələrini görürlər, görməkdədirlər. Dövlət biznes fəaliyyətinin şəffaflaşdırılmasını gözləyir. Bu gün vergi inzibatçılığının aktiv rəqəmsallaşdırılması prosesi davam edir. Vergi adminstrasiyası rəqəmsal iqtisadiyyatın trendlərindən geri qalmamağa, hətta ondan bir addım öndə olmağa çalışır”.

Nazir iqtisadi inkişafın işgüzar aktivliyə və biznesin çevikliyinə bağlı olduğunu, böyük sayda kiçik və orta biznesin məşğulluq və dayanıqlı iqtisadiyyat üçün möhkəm bünövrə yaratdığını vurğulayıb.

Konfransda İqtisadiyyat nazirinin müavini İlkin Vəliyev “Vergi inzibatçılığında şəffaflığa aparan yol” mövzusunda təqdimatla çıxış edib və vergi sistemində reallaşdırılan islahatlar, vergi qanunvericiliyinə edilmiş dəyişikliklər, həmçinin həyata keçirilən və nəzərdə tutulan işlər barəsində danışıb.

Tədbirdə Azərbaycan Amerika Ticarət Palatasının (“AmCham”) rəhbəri Nuran Kərimov, “Millenium” turizm şirkətinin direktoru Ruslan Quliyev, Bakı Hesabat Mərkəzinin direktoru Mehdi Babayev və “Unimetal” MMC-nin direktoru Rüfət Əzizov, AMEA-nın müxbir üzvü professor Akif Musayev və digər rəsmi şəxslər çıxış edib.

Natiqlər ölkədə yaranmış yeni iqtisadi şəraitdə biznes mühitinin daha da yaxşılaşdırılması və inzibatçılığın təkmilləşdirilməsi istiqamətində Vergilər Nazirliyi tərəfindən təşkil olunan tədbirləri müsbət qiymətləndiriblər.

Sonra konfrans öz işini panel iclasında davam etdirib və aktual məsələlər ətrafında müzakirələr aparılıb.

Mir Çingiz Ağazadə,

Musa Qulammirzəyev,

APA TV

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın