18:51 30 İyun 2020 407
Ana səhifə Xəbərlər

Mikayıl Cabbarov: “Pandemiyanın mənfi təsirlərinin uzun müddət çəkməsi istisna deyil”

“Son 18 ay ərzində Azərbaycanda əmək müqavilələrinin sayı 210 min artıb”.

APA TV-nin məlumatına görə, bunu mətbuat üçün təşkil olunmuş brifinqdə çıxış edən Azərbaycanın İqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.

O bildirib ki, əgər 2019-cu ilin yanvar ayında bu rəqəm 539 922-yə bərabər idisə, cari ilin 26 iyun tarixinə bu göstərici 751 705-ə çatdırılıb. Bu gün ödənilən verginin hər 4 manatından 3 manatı özəl sektor tərəfindən ödənilir. Bu da sözügedən sektorun potensialını göstərir.

Nazirin sözlərinə görə, Azərbaycanda sahibkarlara yeni elektron kredit platforması təklif olunacaq. Bu, onlayn formatda təqdim olun ilk məhsul deyil.

Mikayıl Cabbarov həmçinin vurğulayıb ki, dünya enerji və fond bazarlarında durğunluq, koronavirus pandemiyası səbəbindən tətbiq olunan məhdudiyyətlər və yaranmış yeni çağırışlar milli iqtisadiyyata təsirsiz ötüşməyib: “Ölkəmizin iqtisadiyyatı çətinliklərlə üzləşsə də, öz dayanıqlığını, struktur sağlamlığını nümayiş etdirməyi bacarıb. Biz bu gün iqtisadi fəallıqda müəyyən durğunluq qeydə alsaq da, bu, müvafiq olaraq hər ayın əvvəlində həmkarlarımız tərəfindən, bizim tərəfdən, Dövlət Statistika Komitəsi tərəfindən qeyd edilir. Amma eyni zamanda birmənalı demək mümkündür ki, iqtisadiyyatımızın strukturuna və iqtisadiyyatımızın əsas oyunçularına mənfi təsir minimal səviyyədədir”.

Nazir əlavə edib ki, pandemiyanın mənfi təsirlərinin uzun müddət çəkməsi istisna deyil. Bu səbəbdən sahibkarların qaydalara riayət etməsi vacibdir: “Unutmamalıyıq ki, biz hamımız bir məkandayıq və gələcək həyat tərzimiz daha çox davranışlarımızdan asılı olacaq”.

Elvin Paşazadə,

APA TV

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın