16:14 15 İyul 2020 343
Ana səhifə Xəbərlər

Milli Məclis: Təxribatçı qüvvələrlə bağlı hüquq-mühafizə orqanları tədbirlər görəcək

İyulun 14-dən 15-nə keçən gecə Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində gedən döyüşlərə dəstək məqsədilə keçirilən yürüşdə Şəhidlər Xiyabanı və Azərbaycan Respublikasının Milli Məclisi qarşısına minlərlə Azərbaycan vətəndaşı toplaşdı. Təəssüflər olsun ki, yürüş iştirakçılarının bir qismi təxribat törədərək qeyri-qanuni olaraq parlamentin inzibati binasına daxil olub. Binanın birinci mərtəbəsinə toplaşan yürüş iştirakçıları bir sıra dağıntılar törədib, parlamentin mülkiyyətinə və inventarına ziyan vurub.

Milli Məclisin mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Ceyhun Əli bildirib ki, yürüş iştirakçıları polis tərəfindən Milli Məclisin inzibati binasından çıxarıldıqdan sonra Milli Məclisin sədri Sahibə Qafarova yaranmış vəziyyətlə yerində tanış olub: “Fəsadların aradan qaldırılması üçün aidiyyəti üzrə tapşırıqlarını verib. Hazırda Baş Prokurorluq hadisə ilə bağlı araşdırma aparır. Milli Məclisin mülkiyyətinə vurulan ziyan hesablanacaq və dəqiq açıqlama veriləcək”.

Ceyhun Əli onu da qeyd edib ki, hazırkı dövr həssas yanaşma tələb edir: “KİV-dən də Milli Məclisə həssas yanaşmağı istəyirik. Təxribatçı qüvvələrlə bağlı hüquq-mühafizə orqanları tədbirlər görəcək”.

Qeyd edək ki, baş verənlərlə bağlı Milli Məclis Aparatı da açıqlama yayıb. Məlumatda deyilir ki, Milli Məclis Xalqımıza, Dövlətimizə, Ordumuza dəstək yürüşünə ehtiramımızı və həssas yanaşdığımızı ifadə edir: “Orduya dəstək yürüşünü həyata keçirən vətəndaşlarımızın bir amal uğrunda birləşdiyi halda, bəzi təxribatçıların dağıdıcılığa və ziyan vurmağa istiqamətlənən addımlarını qəti şəkildə pisləyirik. Bu çətin günlərdə Dövlətin Ali Qanunverici orqanının binasına qanunsuz olaraq daxil olmaq və orada dağıntılar törətmək şəhidlərin müqəddəs ruhuna hörmətsizlikdir və qətiyyən yolverilməzdir. Azərbaycan Respublikası Milli Məclisi olaraq bildiririk ki, Xalqımız, Dövlətimiz, ölkəmizin ərazi bütövlüyü uğrunda müsəlləh olan ordumuz, döyüşlərdə şəhid olan hərbçilərimiz və mülki əhalinin ruhu qarşısında məsuliyyət daşıyırıq”.

İlahə Vəliyeva

Musa Qulammirzəyev

APA TV

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın