06:00 08 Oktyabr 2019 79
Ana səhifə Xəbərlər

Milli Şura piket keçirdi

Milli Şura Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) binası ətrafında piket keçirib.

APA TV-nin məlumatına görə, BŞİH ilə razılaşdırılmış piketin keçirildiyi ərazidə polis təhlükəsizlik tədbirləri görüb.

Piketin sonunda qətnamə oxunub.

Bakı şəhər Baş Polis İdarəsindən (BŞBPİ) verilən məlumata görə, özünü Demokratik Qüvvələrin Milli Şurası adlandıran qurum və Azərbaycan Xalq Cəbhəsi Partiyası 50 nəfərin iştirakı ilə oktyabrın 8-i saat 15:00-dan 16:00-dək ilə BŞİH ilə Dövlət İqtisad Universitetinin inzibati binalarının arasında yerləşən ərazidə piket keçirib.

Piket ərəfəsində təşkilatçılar BŞBPİ-ə dəvət olunaraq aidiyyəti qanunvericilik aktlarının tələbləri nəzərlərinə çatdırılıb, tədbirin dinc, qanuni qaydada, yazılı xəbərdarlıqda göstərilmiş və toplantıya qoyulmuş şərtlərə uyğun təşkil olnması barədə xəbərdar edilib.

Lakin onlar “Sərbəst toplaşmaq azadlığı haqqında” Qanunun 9-cu maddəsinin V və 12-ci maddəsinin III hissələrinin tələblərini kobud surətdə pozaraq oktyabrın 8-i tədbir yerinə razılaşdırılmış vaxtdan qabaq toplaşıb, piketə dəstək adı altında qanunsuz aksiyalarına qoşulmaq barədə vətəndaşlara çağırışlar edib, toplantıya 50 nəfərdən çox tərəfdarını cəlb etməklə müəyyən olunmuş ərazidən kənara çıxmağa, qanunsuz küçə yürüşü keçirməyə cəhd göstəriblər.

Nəticədə həmin ərazidə nəqliyyatın hərəkəti iflic olub, piyadaların sərbəst gediş-gəlişinə maneçilik yaranıb, ətrafdakı insanlara qarşı kobudluğa və digər qanunazidd hərəkətlərə yol verilib. İctimai asayişin pozulması ilə müşayiət olunan küçə yürüşünə cəhdin və aksiya iştirakçılarının hüquqazidd əməllərinin qarşısı alınıb.

Piket üçün müəyyən edilmiş vaxtdan xeyli qabaq müxtəlif yerlərdə toplaşaraq hüquq qaydasını pozmuş 17 şəxs xəbərdar edilib, 4 nəfər barəsində inzibati protokol tərtib olunub.

Həmçinin, polisin qanuni tələblərinə tabe olmayaraq küçə yürüşü keçirməyə cəhd edən 5 nəfər haqqında toplanmış inzibati materiallar məhkəməyə göndəriləcək, sərxoş halda olan və üzərində soyuq silah aşkarlanıb götürülmüş daha bir piket iştirakçısının əməlinə hüquqi qiymət veriləcək.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın