11:00 08 Avqust 2020 435
Ana səhifə Xəbərlər

Min ilə yaxın yaşı olan qəbiristanlıq tarixdən silinə bilər - REPORTAJ

Tarix heç kimi və heç nəyi unutmur. Amma çox təəssüf ki, bəzi hallarda biz özümüz də istəmədən, zaman-zaman tariximizin hansısa bir dövrünü ya unuduruq, ya da ona laqeyd yanaşırıq. Eynən Abşeron rayonunun Saray qəsəbəsində yerləşən və yaşı ən azı min ildən artıq olan qədim qəbiristanlıq kimi.

APA TV-nin məlumatında görə, buradakı qəbirləri nə ziyarət edən var, nə də onların qayğısına qalan...

Kənd sakini, 82 yaşlı Məmmədəli Quliyev deyir ki, Saray qəsəbəsində yerləşən bu tarixi qəbiristanlığın dəqiq yaşını bilən yoxdur. Onun sözlərinə görə, burdakı məzarlardan ən qədiminin təxminən min yaşı var: “O vaxt yaşlı kişilər söhbət edərdi ki, bizim heç yadımıza gəlmir bu qəbir daşları kimlərə məxsusdur. Mənim əmim söhbət edərdi ki, bir dəfə gəldilər məscidin şəklini çəkməyə. Onda bu qəbiristanlığı da ziyarət etməyə gəldilər. O zaman həmin şəxslər bu qəbirləri görüb onların üstündəki yazıları oxudular. Onların sözlərinə görə, XIII əsrdə bu qəbirlər burada olub. İndi o vaxtdan bu tərəfə bu qəbirlərin daşlarını oxuyan yoxdur, tarixini bilən yoxdur”.

Məmmədəli Quliyev deyir ki, sözügedən qəbiristanlıqda Şirvanşahlar dövründən Bakı xanlığının mövcud olduğu dövrlərə aid minlərlə qəbir daşları var. Burada digər qəbirlərdən öz əzəməti ilə seçilən 5 məzar daşı isə vaxtilə burda yaşamış zadəgan ailələrinin nümayəndələrinə məxsusdur: “Bu beş böyük qəbirdən birinin baş tərəfini ildırım vurub salmışdı yerə. Mən əvvəl bu qəbri bütöv şəkildə görmüşdüm. İndi o daşı harasa gillədib aparıblar, nə olubsa, indi o qəbrin başdaşısı yoxdur. Biz də eşitmişik ki, bu qəbri ildırım vurub. Bu hündür qəbir ki var bunların dəqiq tarixini heç kəs deyə bilmir”.

Qəbiristanlığın şimal hissəsində isə orta əsrlər dövrü üçün xarakterik olan kurqan formasında sərdabələr mövcuddur. Məmmədəli Quliyevin sözlərinə görə, qədim zamanlarda kənd sakinləri vəfat edən şəxsləri bu sərdabələrdə saxlayırmışlar və üstündən bir neçə il ötdükdən sonra onların sümüklərini Kəbə, Məşhəd, Kərbəla kimi ziyarətgahlara aparıb orada dəfn ediblər: “Sərdabələr qədimdən qalandır. Qədim zamanlarda dünyasını dəyişən adamları gətirib bu sərdabələrə qoyurdular. Hər tərəfini bağlayırdılar. 1-2 il qalırdı və əti tökülürdü. Sonra onun sümüklərini yeşiklərə yığırdılar ki, Kərbəla, Məşhəd, Həcc və digər ziyarətgahlara gedən şəxslər öz ölülərinin sümüklərini aparıb həmin müqəddəs yerlərdə dəfn eləsin. Başqa adamlar da həmin şəxslərə pul verərdi ki, mənim yaxınlarımı da müqəddəs torpaqlarda, Kəbədə, Məşhəddə dəfn elə”.

Kənd ağsaqqalları bildirirlər ki, Bakı xanlığının mövcud olduğu zamanlarda qəbiristanlığın yanında səngər adlanan bir hovuz olub. Həmin səngərdə duran şəxs həm kəndi, həm də qəbiristanlığı mühafizə edib: “Bakı xanlığı olub o vaxtlar, gəliblər burada düşərgə salıblar. Orda gördüyünüz hovuz ki var, onun adı səngərdir. Həmin səngərdə bir nəfər mühafizəçi də olub ki, uzaqdan düşmən qoşunlarını, yaxınlaşmaqda olan təhlükələri görəndə kənd camaatına məlumat versin. Həmin səngərdəki mühafiz şəxs hər zaman Saray kəndini qoruyub”.

Məmmədəli Quliyev deyir ki, hazırda qəbiristanlığın nə hasarı, nə də ona nəzarət edəni var. Hətta yaşı əsrlərlə ölçülən tarixi qəbiristanlığın ərazisində mal-heyvan otaranlar da var: “Nəzarət yoxdur burada. Kimi heyvan otarır, kimi bura zibil tullayır. Hələ 3-4 il bundan qabaq iri qəbirlərin başdaşılarını gəlib çıxarıb aparırdılar. Burda bir yaşlı kişi vardı. O belə şəxslərdən bir neçəsini tutmuşdu. Sonra həmin adamların ayağı dəymədi bura. Bütün qəbir daşları nəzarətsizdir. Baxan yoxdur”.

Məsələ ilə bağlı Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti ilə əlaqə saxladıq. Qurumun mətbuat katibi Fariz Hüseynli bildirdi ki, sözügedən qəbiristanlıq artıq nəzarətə götürülüb və qurumun əməkdaşları əraziyə baxış keçiriblər. Yaxın vaxtlarda tarixi qəbiristanlığın qorunması istiqamətində müvafiq addımlar atılacaq.

Biz çəkib göstərdik. Ümid edək ki, aidiyyəti qurumlar məsələni nəzarətdə saxlayacaq və sözügedən qəbiristanlığın qorunması və abadlaşdırılması istiqamətində işlərə başlayacaqlar. Bu yolla həm tariximizin bir hissəsini qorumuş, həm də burada uyuyan minlərlə insanın ruhunu şad etmiş olarıq.

Həmidağa Məcidov,

Əli Ələkbər,

APA TV

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın