15:33 07 Avqust 2020 556
Ana səhifə Xəbərlər

Mingəçevir su anbarının sahilindən daşlaşmış ağac parçası tapıldı

Mingəçevir su anbarının altında qalan ərazi zəngin fauna və floraya malik Samux vadisi kimi məşhur olub. Zaman-zaman anbarda su çəkilmələri baş verdiyi üçün yaşı qədim olan bir çox nümunələr üzə çıxır. Nəsli kəsilmiş cənub fillərinin, yaxud indiki dövrdə də yaşamaqda davam edən heyvan növlərinin skletlərinin daşlaşmış hissələri ərazinin maraqlı keçmişindən xəbər verir. Bu günlərdə isə ilk dəfə olaraq sahildən daşlaşmış qədim ağac parçası tapılıb.

APA TV-nin Mingəçevir bürosunun məlumatına görə, həmin qədim nümunəni balıqçılar təsadüf nəticəsində taparaq rəssam-heykəltəraş Böyükkişi Adilbəyliyə təqdim ediblər.

Tapıntının heykəltəraşa verilməsinin səbəbi isə onun daim bu sahədə həvəskar axtarışlarla məşğul olmasıdır.

Müsahibimizin fikrincə bu qədim tapıntıların milyonlarla il ərzində daşlaşıb qalmasının əsas səbəbi vulkanik qazların təsiri ilə bağlıdır.

O, yeni tapıntının dəqiq yaşını müəyyən etmək üçün aidiyyəti mütəxəssislərə müraciət etmək niyyətindədir.

Mingəçevir şəhər Tarix Muzeyinin direktoru Nofəl Məmmədəliyev isə bildirir ki, bu vaxta qədər Kür çayı sahilindən müxtəlif heyvanlara məxsus daşlaşmış sümüklər tapılıb. Son vaxtlar su quruduqca bu tip tapıntılara tez-tez rast gəlinir.

Tapılan daşlaşmış qədim ağac parçasının gələcəkdə Mingəçevir Tarix Muzeyində sərgilənməsi planlaşdırılır.

Ehtiram Muradov

APA TV

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın