11:00 19 Avqust 2020 3927
Ana səhifə Xəbərlər

Mircəfər Bağırovun sökdürə bilmədiyi tarixi Cami Məscidindən - REPORTAJ

Tarixi abidələr keçmişimizin aynasıdır desək, yəqin ki, yanılmarıq. Keçmişimizdən miras qalan bu tarixi abidələrə sahib çıxmaq isə hər birimizin borcudur. Belə tarixi abidələrə ölkəmizin bütünü bölgələrində, kənd və qəsəbələrində rast gəlmək mümkündür.

APA TV-nin məlumatına görə, bu tarixi abidələrdən biri də Abşeron rayonunun Saray qəsəbəsində yerləşən qədim Cami məscididir.

82 yaşlı kənd sakini Məmmədəli Quliyev deyir ki, Cami məscidinin yaşını dəqiq bilən yoxdur. Çünki hazırkı məscid XIX əsrin əvvəllərində köhnəsinin yerində inşa olunub: “Kəndimizin məscidinin tarixi çox qədimdir. 1800-cü ildə bu məscid uçulub dağılıb. Sonra Hacı Bədəl adında bir şəxs başda olmaqla kənd camaatı uçulmuş məscidin yerində yenisini inşa ediblər”.

Müsahibimiz deyir ki, Sovet hakimiyyəti illərində Azərbaycan Kommunist Partiyası MK-nın I katibi Mircəfər Bağırov bu məscidi sökdürmək istəyib, amma sonradan fikrindən daşınaraq məscidin binasını burada çalışan rus fəhlələrinin ixtiyarına vermək istəyib. Kənd sakinləri isə buna da imkan verməyiblər: “Mircəfər Bağırovun I katib olduğu dönəmlərdə buradan ikinci Şollar su kəməri çəkilirdi. İstədilər ki, tikintidə işləyən fəhlələri gətirib burada yerləşdirsinlər. Kənddə o vaxtlar Ağarəhim adında bir kişi olub. O, məscidi anbar elədi və taxılı məscidə yığdı ki, rus fəhlələri məsciddə yerləşdirməsinlər. Bu məscid 1979-cu ilə kimi taxıl anbarı kimi fəaliyyət göstərib”.

Məmmədəli Quliyev deyir ki, məscid ancaq Azərbaycan müstəqil olduqdan sonra fəaliyyətini bərpa edə bilib: “Sonra bu məscid yiyəsiz qaldı. Hərdən camaat gəlib burada təmizlik işləri aparırdı. Mən özüm də buranın qapısını düzəltmişəm ki, məscidin həyətinə mal-heyvan girməsin. Uzun illər məscid yiyəsiz qalmışdı. 1990-cı illərdə Azərbaycan Respublikası müstəqil olandan sonra kənd əhalisi buranı yığışdırıb abadlıq işləri apardı. Kimi palaz, kimi döşək gətirdi. Hərə məscidə nəzir kimi bir şey gətirdi. Bundan sonra məscid fəaliyyətə başladı”.

Kənd sakinləri deyir ki, təxminən bir il öncə əsən güclü külək məscidin dam örtüyünün bir hissəsini sıradan çıxarıb. Hazırda məscidin dam örtüyünün təmirə ehtiyacı var:

Cami məscidindən bir qədər aralıda, baxımsızlıqdan əziyyət çəkən digər bir tarixi abidə - II Kəsrani türbəsi yerləşir. Burada kəndin sayılıb-seçilən seyidlərindən olan Kərbəlayi Mirhüseyn Ağanın qızı Kərbəlayi Seyidxanımın məzarı var. Kənd sakinləri arasında bu ərazi “Gəzmə Pir” kimi tanınır. Bunun səbəbi isə qədim Saray qəbiristanlığının yaxınlığında yerləşən bu türbədə gecə vaxtı qəribə hadisələrin baş verməsidir: “Bu daşlara “Gəzmə Pir” deyirlər. Bu daşları gecə aparıb çöldə qoysan, özləri Allah tərəfi qayıdır bura. Bu məqbərə seyid qızınındır. Adı da girişdə yazılıb”.

Məmmədəli Quliyevin sözlərinə görə, Kərbəlayi Seyidxanımın atası Kərbəlayi Mirhüseyn şəfalı əlləri ilə neçə-neçə şikəst insanları sağaldıb: “Onun atasının maraqlı bir xatirəsi var. Qış fəsli iki nəfər gəlib deyir ki, bizim sənin seyidliyinə şübhəmiz var. Bu zaman seyid deyir ki, gedin evimin qabağındakı nohurdan buzu sındırıb gətirin bura. Həmin şəxslər buzu sındırıb seyidin yanına gətirirlər. Seyid bunlardan buz parçalarını sobaya atıb yandırmaqlarını istəyir. Bunlar buzu kibrit vuran kimi buzu alovlanıb yanmağa başlayır. Seyidə şəkk edən 2 nəfər ağanın ayaqları altına yıxılıb yalvarırlar ki, bağışla bizi, səhv etmişik. O vaxt belə seyidlər olub”.

Gözdən uzaqda olan bu abidənin çoxdandır, ziyarət edəni də yoxdur. Mədəniyyət Nazirliyi tərəfindən qorunan abidənin dam hissəsində və fasadında çatlar əmələ gəlib.

Məsələ ilə bağlı Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti ilə əlaqə saxladıq. Qurumun mətbuat katibi Fariz Hüseynli bildirdi ki, onlar hər 2 tarixi abidənin vəziyyətindən xəbərdardır və yaxın vaxtlarda bu abidələrin bərpa olunması istiqamətində işlərə başlanılacaq.

Qeyd edək ki, Abşeron rayonunun Saray qəsəbəsində bu tarixi abidələrdən başqa qədim karvansaray, tarixi XII-XIII əsrlərə qədər uzanan köhnə qəbiristanlıq, tarixi hamam və dəyirmanlar da mövcuddur.

Həmidağa Məcidov,

Əli Ələkbər,

APA TV

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın