11:46 26 Oktyabr 2020 114
Ana səhifə Xəbərlər

MN: Ermənistan yeni atəşkəs rejimini kobud surətdə pozaraq bölmələrimizi və kəndləri atəşə tutur

Oktyabrın 26-da saat 08.00-dan yeni humanitar atəşkəs rejiminin elan olunmasına baxmayaraq, Ermənistan silahlı qüvvələri bütün cəbhə boyu, eləcə də Ermənistan-Azərbaycan dövlət sərhədində yerləşən yaşayış məntəqələrimizi və bölmələrimizin mövqelərini müxtəlif növ atıcı silahlar, minaatanlar və toplardan atəşə tutur.

Müdafiə Nazirliyindən APA TV-yə verilən xəbərə görə, səhər saatlarından başlayaraq Ermənistanın Berd, Çəmbərək və Vardenis rayonları ərazisindən Azərbaycanın Tovuz, Gədəbəy və Daşkəsən rayonlarının əraziləri düşmən tərəfindən atəşə tutulub.

Eyni zamanda Tərtər, Ağdam, Füzuli, Laçın və Qubadlı istiqamətlərində yerləşən bölmələrimizin mövqeləri, eləcə də mülki əhalinin yaşadığı şəhər və kəndlər də düşmən tərəfindən atəşə məruz qalır.

Bu gün səhər saatlarında düşmənin Tərtər rayonunun kəndlərini atəşə tutması nəticəsində mülki əhaliyə ziyan dəyib:

- Mən həyətdə toyuq-cücəyə yem verirdim, gördüm atəş açdılar. Artıq öyrəşmişik. Mərmi düşdü evin yaxınlığına, ev bu günə düşdü. Atəşkəs olmasına baxmayaraq hər gün atırlar.

- Hər dəfə atəşkəs elan olunur, bu gün də saat 9-a işləmiş 5-6 dənə mərmi düşdü kəndimizə, ziyan dəydi evlərə. Onların işi ancaq dinc əhalini vurmaqdır. Azərbaycan xalqı arasında panika yaratmaqdır. Bu da olmayacaq heç vaxt.

Azərbaycan Ordusunun bölmələri 26 oktyabr saat 08.00-dan qüvvəyə minmiş humanitar atəşkəs rejiminə bütün cəbhə boyu tam riayət edir.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın