15:57 27 Sentyabr 2020 1549
Ana səhifə Xəbərlər

MN ilk azad edilən kəndlərin adlarını açıqladı

“Dövlət başçısı Azərbaycan xalqına müraciətində xüsusi olaraq vurğulandı ki, bu Ermənistanın Azərbaycana qarşı həyata keçirilən işğalçılıq siyasətinin mahiyyətində Ermənistan dövlətinin faşizm xisləti durur. 30 ildən artıq müddətdir ki, Azərbaycan torpaqları Ermənistanın işğalı altındadır”.

APA TV xəbər verir ki, bunu bu gün keçirilən brifinqdə jurnalistlərə açıqlamasında Prezidentin köməkçisi, Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib. Bildirib ki, beynəlxalq ictimaiyyətə də BMT tribunasından ölkəmizin, prezident İlham Əliyevin şəxsində Azərbaycanın bu narahatlıqları çatdırılıb: “Bunun bilavasitə nəticələrini səhər saat 06:00 radələrində gördük. Ermənistan Silahlı Qüvvələri qoşunların təmas xəttinin bir neçə istiqaməti üzrə Azərbaycanın kəndlərini və Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini ağır silahlardan atəşə tutdular. Bununla da onlar yenə də sadiq olduqları xislətlərini, mülki insanlara qəsdən və məqsədyönlü şəkildə hədəfə almaq siyasətini bir daha nümayiş etdirdilər ki, onlar tərəfindən həyata keçirilən bu təxribat hərbi avantüra nəticəsində Azərbaycanın mülki insanları arasında xəsarət alanlar var”.

Daha sonra brifinqdə çıxış edən Müdafiə Nazirliyinin mətbuat katibi Anar Eyvazov Ordumuzun qoşun bölmələrinin həyata keçirdiyi əməliyyatlar nəticəsində işğal altındakı bir sıra kəndlər və əlverişli yüksəkliklər işğaldan azad olunub: “Hazırkı məlumata görə, Füzuli-Cəbrayıl istiqamətində Qaraxanbəyli, Kənd Horadiz, Yuxarı Abdurrəhmanlı, Böyük Mərcanlı, Nüzgar kəndləri azad edilib. Bundan əlavə, Ağdərə rayonu və Murovdağ istiqamətində düşmən postları darmadağın edilib, hakim yüksəkliklər nəzarətə götürülüb”.

Müdafiə Nazirliyinin rəsmisi döyüş əməliyyatının davam etdiyini qeyd edib.

Elvin Paşazadə,

Musa Qulammirzəyev,

APA TV

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın