16:38 11 Avqust 2020 257
Ana səhifə Xəbərlər

Mövlud Çavuşoğlu: “ATƏT-in Minsk Qrupu həmsədrləri münaqişənin həlli üçün səmimi səy göstərmirlər”

Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramovun Türkiyəyə rəsmi səfəri çərçivəsində türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə təkbətək görüşü keçirilib.

APA TV-nin xəbərinə görə, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) “Twitter” səhifəsində bildirilib.

Təkbətək görüşdən sonra Xarici İşlər naziri Ceyhun Bayramov və türkiyəli həmkarı Mövlud Çavuşoğlu arasında nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibli görüş də keçirilib.

Görüşdə Azərbaycan-Türkiyə ikitərəfli əməkdaşlıq gündəliyinin bir çox istiqamətləri, regional və qlobal məsələlər üzrə geniş fikir mübadiləsi aparılıb.

İkitərəfli görüşdən sonra hər iki ölkənin XİN rəhbərlərinin birgə mətbuat konfransı keçirilib.

Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu bildirib ki, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı beynəlxalq təşkilatlar tərəfindən qərarlar olsa da, münaqişə həllini tapmır. O, ATƏT-in Minsk Qrupu həmsədrlərinin münaqişənin həlli üçün səmimi şəkildə səy göstərmədiklərini deyib: “Bu ilin 12 iyul tarixində Ermənistan qardaş Azərbaycanın Tovuz rayonuna hücum edib. Türkiyə Cümhuriyyəti olaraq o gün nə demişiksə, bu gün də onu deyirik. Azərbaycan tək deyil, bütün gücümüzlə Azərbaycanın yanındayıq”.

Mövlud Çavuşoğlu həmçinin qeyd edib ki, gələcəkdə Türkiyə Azərbaycandan ixrac edəcəyi təbii qazın həcmini daha da artıracaq: “Azərbaycan Türkiyəyə təbii qaz ixrac edən ölkələr arasında ilk sıradadır. Biz daha iki layihənin həyata keçirilməsinə üstünlük veririk. Bunlardan biri, Qars-Naxçıvan dəmir yolu xəttidir. İkinci isə Türkiyə üzərindən Naxçıvana təbii qazın çatdırılmasıdır ki, bu da strateji layihədir. Digər tərəfdən, mədəniyyət, təhsil sahələrində, universitetlər arasında əməkdaşlığın gücləndirilməsi məsələsi müzakirə edilib”.

“Dağlıq Qarabağ münaqişəsinin həlli yolları bəllidir. Bununla bağlı Azərbaycanın mövqeyi qətiyyətlidir və dəyişməzdir” – deyən Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov münaqişənin Azərbaycanın ərazi bütövlüyü, suverenliyi çərçivəsində həll edilməli olduğunu bildirib. XİN rəhbəri Türkiyənin hər zaman Azərbaycanın beynəlxalq hüquqa əsaslanan mövqeyini dəstəklədiyini də vurğulayıb: “12 iyul tarixində Ermənistanın Azərbaycanla sərhəddə, Tovuz rayonu ərazisində törətdiyi növbəti hərbi təxribat həyata keçirilərkən bunun şahidi olduq. Fürsətdən istifadə edib öz adımdan, Azərbaycan dövləti və xalqı adından təşəkkürümü bildirirəm. Azərbaycan da hər zaman bütün məsələlərdə Türkiyənin haqq işini dəstəkləyir. Bizim birliyimiz əbədidir”.

Qeyd edək ki, Ceyhun Bayramovun Türkiyəyə səfəri çərçivəsində ikitərəfli və regional münasibətlər, eləcə də dünyada son proseslərə dair məsələlər müzakirə olunacaq.

Xatırladaq ki, bu, Ceyhun Bayramovun Azərbaycan XİN başçısı kimi ilk rəsmi səfəridir.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın