19:20 12 Noyabr 2019 36
Ana səhifə Xəbərlər

MSK sədri: “Azərbaycan dünyanın demokratik ölkələrindən biridir”

“Azərbaycan vətəndaşlarının seçki hüquqlarının qorunması üçün biz Mərkəzi Seçki Komissiyası (MSK) olaraq bütün addımları atmalıyıq”.

APA TV-nin məlumatına görə, bunu "Seçki hüquqlarının pozulmasına dair şikayətlərin məhkəmə qaydasında həlli" mövzusunda keçirilən seminar-müşavirədə MSK sədri Məzahir Pənahov bildirib.

Qeyd edib ki, bütün sivil ölkələrdə seçki hüquqları ilə bağlı işlərə məhkəmələrdə baxılır. Biz də elə etməliyik ki, seçkilərdə pozuntular olmasın və bizim dövlətçilik ideyalarımıza kölgə salmasın: “Bu seçkilərdə Azərbaycan vətəndaşlarının seçki hüquqları ilə bağlı narazı qaldıqları müraciətlərə baxılması ilə əlaqədardır.

Vətəndaşlar əvvəlcə Dairə Seçki Komissiyasına, Dairə Seçki Komissiyası da MSK-ya müraciət edir və MSK-da qərar verilir. Şikayətçi bizim verdiyimiz qərardan narazı qalarsa, Apelyasiya Məhkəməsinə, oradan da narazı qaldıqda isə Ali Məhkəməyə müraciət edir".

MSK sədri həmçinin bildirib ki, Azərbaycan dünyanın demokratik ölkələrindən biridir: “Seçki məcəlləsi və digər qanunvericilik aktlarının tələblərinə görə seçkilərin hazırlanıb keçirilməsinə məsul olan orqan MSK göstərildiyi kimi, eyni zamanda, bu ümumxalq tədbirində müxtəlif dövlət orqanlarının vəzifələri də göstərilib. İcra hakimiyyətləri, hüquq mühafizə orqanları, qeyri-hökumət təşkilatları, mətbuat və s”.

Tədbirdə çıxış edən Ali Məhkəmənin kollegiya sədri Hikmət Mirzəyev deyib ki, seçkilərdə hər hansı bir qayda pozuntusundan şikayət edən vətəndaşlar məhkəməyə müraciət etməkdən çəkinməməlidir: “Yuxarı seçki komissiyaları şikayətlərə formal yanaşmamalı, onun hərtərəfli araşdırmasını aparmaqla və bütün zəruri sübutları toplamaqla qanunu və əsaslandırılmış qərar qəbul etməlidir. Seçki hüquqlarının müdafiəsinə dair işlərə məhkəmədə baxılmasını isə “İnzibati prosessual məcəllə” təmin edir. Buna görə həmin işlərə inzibati məhkəmə icraatı qaydasında baxılacaq”.

Qeyd edək ki, dekabrın 23-də Azərbaycanda bələdiyyə seçkiləri keçiriləcək. Respublika üzrə 1606 bələdiyyəyə 15 min 156 üzv seçiləcək.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın