19:17 06 İyul 2020 510
Ana səhifə Xəbərlər

MTRŞ sədri: “APA TV hər hansı kabel və ya İPTV şəbəkəsində yayımlanmaq istəsə...”

“Ehtimal var ki, iqtisadi səbəblərlə bağlı kanalların sayında azalma olacaq. Çoxalmanı isə şəxsən proqnozlaşdırmıram”.

APA TV-nin xəbərinə görə, bu sözləri Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri İsmət Səttarov APA-ya müsahibəsində deyib.

Onun sözlərinə görə, bu il pandemiya ilə əlaqədar televiziyaların reklam gəlirlərinin 15-30 faiz aralığında azalması gözlənilir: “İlkin mərhələdə həm Azərbaycanda, həm də digər ölkələrdə ən çox əziyyət çəkən radiolardır. Avropa ölkələrində də ən böyük zərbə radiolara dəydi. Bəzi Avropa ölkələrində pandemiya dövründə televiziya reklam gəlirləri 30-40% azaldığı halda, radioda reklam gəlirləri 60-70% düşüb. Çox güman bizdə də radiolarla müqayisədə, televiziyalarda reklam gəlirlərində o qədər də azalma yoxdur. Hazırda pandemiya vəziyyəti davam etdiyi və onun nə zaman bitəcəyi məlum olmadığı üçün reklam bazarının nə qədər azaldığı ilə bağlı hesablamaları aparmaq hələ ki, mümkün olmur.”.

Milli Televiziya və Radio Şurasının sədri müsahibəsində bu vaxta qədər heç kim üçün açıq olmayan bir sıra konkret rəqəmlər də açıqlayıb. Onun sözlərinə görə, Azərbaycanda audiovizual industriyada 7500 nəfər çalışır. Kabel televiziyaları şəbəkəsində təxmini olaraq 2 minə yaxın insan işləyir. Ötən il bütün Azərbaycan televiziya və radioları reklamdan 31 milyon manat gəlir əldə edib. Azərbaycanda 2019-cu ilin statistik göstəricilərinə görə ortalama televiziya baxışı 3 saat 46 dəqiqə olub. Bu göstəricidən 2 saat 14 dəqiqə yerli, 1 saat 32 dəqiqə xarici kanalların payına düşüb. Bu səbəbdən Azərbaycanda audiovizual industriyanın inkişaf templəri son illər Azərbaycanda müşahidə olunan sosial-iqtisadi inkişafın ümumi tempinə uyğun gəlmir. 2010-cu ildən başlayaraq “Televiziya və radio haqqında” qanun məfhumu qabaqcıl dünya, o cümlədən Avropa ölkələrində artıq yığışdırılır. Azərbaycanda isə hazırda 2002-ci ilin qanunlarıdır. Payız sessiyasında Milli Məclisə televiziya və radio fəaliyyəti ilə bağlı yeni qanun layihəsinin daxil olması gözlənilir. Bu, “Audiovizual yayım haqqında“ qanun layihəsidir: “Qanunda internet telekanalları ilə bağlı məqamlar nəzərə alınıb. Məsələn, bu gün APA TV hər hansı kabel və ya İPTV şəbəkəsində yayımlanmaq istəsə, mövcud qanunvericilik buna imkan vermir. Yeni qanuna əsasən isə həmin kanal kabel şəbəkəsinə qoşulmaq istəyirsə, MTRŞ-ya müraciət edəcək, lisenziya (və ya icazə) alacaq və istənilən operatorla müqavilə bağlayacaq. Ümumrespublika kanalı kimi fəaliyyət göstərmək istədikdə isə müsabiqədə iştirak edə bilər”.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın