17:07 14 Avqust 2020 495
Ana səhifə Xəbərlər

Müəllimlərin işə qəbulu üzrə imtahanlar başladı – 47 MİN NAMİZƏD VAR

Bu gündən Müəllimlərin işə qəbulu üzrə müsabiqənin test mərhələsinə start verilib.

APA TV xəbər verir ki, ölkə üzrə 17 şəhər və rayonda, 32 mərkəzdə keçirilən imtahanda iştirak etmək üçün 47 minə yaxın namizədin elektron ərizəsi təsdiq edilib. Bu gün Fizika və Fransız dili fənləri üzrə keçirilən imtahanda 2 minə yaxın namizəd iştirak edib. Təhsil Nazirliyinin İnsan Resursları Mərkəzinin müdiri Eşqi Bağırovun sözlərinə görə, imtahan sanitar-epidemioloji qaydalara riayət olunmaqla keçirilib: “Bu gündən etibarən müəllimlərin işə qəbulu üzrə mərkəzləşdirilmiş müsabiqənin ikinci mərhələsinə start verdik. Bu mərhələ test imtahanlarıdır. İmtahanlar gördüyünüz kimi, bütün sanitar-epidemioloji qaydalara riayət olunmaqla keçirilir. İmtahan zalına namizədlər qoruyucu maskalardan istifadə etməklə daxil olurlar, onlar binaya daxil olarkən hərarətləri ölçülür və digər zəruri tədbirlər görülür”.

İmtahanda iştirak edən namizədlərdən biri, Məhbubə Əzimli deyir ki, ilk dəfə olaraq səhv cavablandırdıqları sualları elə yerindəcə öyrənə biliblər: “50-yə yaxın sualı cavablandırdım. Çox yaxşı suallar idi, rahat idi. Orta da demək olar. İlk dəfə olaraq bizə imtahan bitəndən sonra, 90 dəqiqədən sonra 10 dəqiqə vaxt verdilər ki, səhvlərimizə baxaq. Bu çox yaxşı idi. Biz harada səhv etdiyimizi gördük.”

Tünzalə İsgəndərova da yeni qaydadan razıdır: “İmtahandan 10 dəqiqə sonra biz səhv cavablandırdığımız suallara baxa bildik. Bildik ki, səhvimiz nədir, onlara diqqət yetirdik. Sualların çətinliyi orta səviyyədə idi. İnşallah nəticələrimiz uğurlu olar. Bütün müəllimlərə uğurlar arzulayıram”.

Qeyd edək ki, test imtahanları 18 gün davam edəcək. İmtahan başa çatdıqdan sonra, vakansiya seçimi mərhələsi başlanacaq. Bu mərhələdən uğurla keçən namizədlər ümumtəhsil məktəblərinə müddətli müqavilə əsasında işə qəbul olunacaqlar. Daha sonra təşkil olunacaq müsahibə mərhələsini keçən namizədlər isə daimi əsaslarla işlə təmin olunacaqlar.

Fatma Zahidqızı

Üzeyir Ağayev

APA TV

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın