17:19 04 Dekabr 2020 189
Ana səhifə Xəbərlər

“Müqəddəs Məryəm Katolik Kilsəsi”ndə şəhidlərimiz anılıb

44 günlük Vətən Müharibəsində torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərin xatirəsi Bakıdakı “Müqəddəs Məryəm Katolik kilsəsi”ndə də anılıb.

Anım mərasimində Vətən Müharibəsi şəhidlərinin ruhu bir dəqiqəlik sükutla yad edilib. Onların xatirəsinə dualar oxunub, yaralılara şəfa dilənib.

Azərbaycanda Katolik Kilsəsinin apostol prefekti yepiskop Vladimir Fekete təəssüflə bildirib ki, pandemiya səbəbindən ibadət mərasimləri məhdud sayda insanın iştirakı ilə keçirilir: “Bu gün Azərbaycanda işğal altında olan torpaqların azad olunması uğrunda Vətən Müharibəsində şəhid olanların xatirəsi yad olunur. Çox kədərli gündür. Amma bu kədər bizim torpaqlarda sülh üçün özünü qurban verənlərə minnətdarlıq hissi ilə müşayiət olunur. Bu gün dini mənsubiyyətindən asılı olmayaraq, Azərbaycanın bütün inanclı insanları bu müharibədə şəhid olanlar üçün Allaha dua edirlər. Bu gün biz həm də müharibənin bitməsinə və vaxtilə öz yurd-yuvalarından qovulan insanların geri qayıtmaq imkanı əldə etməsinə görə Tanrıya şükür edirik. Ölkədə yaranmış həmrəylik bütün müvəffəqiyyətlərin açarıdır və biz bunu gələcək nəsillər üçün qorumalıyıq. Katolik Kilsəsi bu həmrəyliyin yaranmasına görə Azərbaycan hökumətinə, şəxsən Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, Şeyxülislam Hacı Allahşükür Paşazadəyə və bütün dini icmaların rəhbərlərinə təşəkkür edir”.

Xatırladaq ki, Vətən Müharibəsində Silahlı Qüvvələrimizin 2 783 nəfər hərbi qulluqçusu şəhid olub. Onların sırasında 103 nəfər hərbi qulluqçunun DNT analiz metodu ilə şəxsiyyətinin müəyyən edilməsi üzrə işlər davam etdirilir.

FATMA ZAHİDQIZI

XAQANİ HÜSEYNOV

APA TV

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın