18:07 21 Yanvar 2021 96
Ana səhifə Xəbərlər

Narkotacirdən 300 min manatlıq narkotik götürüldü - GƏNCƏDƏ 

Gəncə şəhər Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsinin əməkdaşları növbəti əməliyyat keçirib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan APA TV-yə verilən məlumata görə, polislər bu dəfə narkotik alqı-satqısında şübhəli bilinən iki nəfəri saxlayıb. Narkotacirin yaşadığı ünvandan isə 32 kiloqram marixuana aşkar edilib.

Gəncə şəhər Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəhər sakini Etibar Yaqubovu saxlayıb.

Baş İdarədə həmin şəxsin üzərinə baxış keçirilən zaman ondan 100 qram marixuana aşkar edilərək götürülüb. Saxlanılan Etibar Yaqubov ilkin ifadəsi zamanı həmin narkotik vasitəni qonşusundan aldığını bildirib: “Eldəniz qonşumdur. Onunla münasibətim var idi. Özüm istifadə etmək üçün 700 manata ondan almışam”.

Davam etdirilən əməliyyat axtarış tədbirləri nəticəsində Etibar Yaqubova narkotik vasitəni verən şəhər sakini Eldəniz İmanlı da saxlanılıb. Saxlanılan şəxs qonşusuna narkotik vasitə satdığını etiraf edib. Araşdırmalar zamanı müəyyən edilib ki, Eldəniz İmanlı aylardır bu işlə məşğul olur.

DİN-in mətbuat xidmətinin əməkdaşı Eşqin Qasımov bildirib ki, şəhər ərazisində iki fərdi yaşayış evinə baxış keçirilərkən, ümumilikdə 11 qutu 32 kiloqram çəkidə qurudulmuş marixuana aşkar edilərək götürülüb. Götürülən maddi sübutlar ekspertizaya təqdim olunub.

Eldəniz İmanlıya məxsus müxtəlif ərazilərdə yerləşən evlərə baxış keçirilən zaman aşkarlanan narkotik vasitələrin qara bazarda dəyəri təxminən 300 min manata yaxındır. Elə saxlanılan şəxsdə toxumlarını Gürcüstandan əldə etdiyi narkotiki satıb varlanmaq istədiyini etiraf edib: “Toxumunu Gürcüstandan gətirdim. Öz həyətimdə əkdim. Becərdim, dərdim satmaq istədim, amma nəsib olmadı”.

Hər iki şəxs barədə cinayət işi başlanılıb.

Narkotik alqı-satqısında şübhəli bilinən dəstənin digər üzvlərinin tutularaq məsuliyyətə cəlb olunması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Fuad Nazimoğlu

APA TV, Gəncə

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın