19:04 26 İyun 2020 671
Ana səhifə Xəbərlər

Narkotik alverçisinin evindən cəbbəxana tapıldı

Abşeronda narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan şəxsdən silah götürülüb.

DİN mətbuat xidmətindən APA TV-yə verilən məlumata görə, Abşeron Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində Sumqayıt şəhərində qeydiyyatda olan, əvvəllər məhkum olunmuş Eldar Dövlətov tutularaq istintaqa təqdim olunub.

Onun Abşeron rayonu Saray qəsəbəsində yerləşən evinə baxış zamanı 500 qrama yaxın qurudulmuş marixuana, 15 qramdan artıq tiryək, elektron tərəzi və çətənə toxumları aşkar olunaraq götürülüb. Həyətyanı sahəyə baxış zamanı Eldar Dövlətovun orada əkdiyi əlavə 4 ədəd çətənə bitkisi də aşkar olunub.

İstintaq tədbirlərinin davamı olaraq müəyyən edilib ki, saxlanılan şəxs yaşadığı evdə qanunsuz olaraq odlu silah-sursat da gizlədib. Polislər tərəfindən mənzilə baxış zamanı Eldar Dövlətova məxsus 1 ədəd “Makarov” markalı tapança, 1 ədəd “F-1” əl qumbarası alışqanı ilə birlikdə, 49 ədəd patron, 3 ədəd patron darağı və 1 ədəd pnevmatik tapança da aşkar olunaraq götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb. Eldar Dövlətov barəsində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib. Onun ətrafında əməliyyat-axtarış və istintaq tədbirləri davam etdirilir.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın