10:30 09 Fevral 2021 190
Ana səhifə Xəbərlər

Nəşini qolundakı boz qurd döyməsindən tanıdılar - REPORTAJ

O, üç bacının bir qardaşı idi. 1996-cı ildə Bakıda anadan olub. Vətən Müharibəsinin 24 yaşlı qəhrəmanı Murad Teymurşah oğlu Məmmədlinin döyüş yolu Füzuli-Qubadlı istiqamətindəki döyüşlərdən keçib.

Orta məktəbin 9-cu sinfini bitirdikdən sonra peşə təhsili alıb. Dəmiryolu Liseyini bitirib. İxtisasına uyğun olaraq ali təhsilini davam etdirmək, metropolitendə maşinist işləmək arzusunda olub.

Bu arzusunu əvvəlcə anasına, sonra bacılarına bildirib. Hərbi xidmətini əvvəlcə Goranboyda, sonra isə Murovdağda çəkib. Murad atasını 10 yaşı olanda itirib. Anası Əfruzə xanıma dayaq olmaq üçün işləyib, ali təhsil arzusunu gerçəkləşdirə bilməyib.

Əfruzə xanım dörd övladını tək böyüdüb: “Neçə illər çalışdı ki, ali məktəbə qəbul olsun. Amma işlədi. Bu il üçün hazırlaşırdı. Maşinist olmaq istəyirdi. Pandemiya oldu, elə bil yolu bağlanmışdı Muradın. İşləri çox çətin alınardı. Ötən ilin sentyabrın 20-də mənim ad günümü qeyd etmək üçün bacılarını bizə topladı. Hər il yığışırdılar mənim ad günümdə”.

Beləliklə, sentyabrın 20-də anasının ad gününü doğmaları ilə birlikdə qeyd edib. Əfruzə xanım deyir ki, Murad qonaqpərvər, şən uşaq olub. “Evdə qonaq olanda Murad üçün toy-bayram olardı” deyir anası: “Sentyabrın 21-də səhər xəstəxanaya gedirdim. Qayıtdım ki, Murad evdə yoxdur. Qızlardan soruşdum ki, Murad hara getdi? Bacısı dedi ki, Muradı icradan çağırıblar. Bir az keçmişdi ki, evə qayıtdı. Dedim, oğul, bir stəkan çay iç. Bir qurtum çay içib uça-uça getdi balam. Demədi hara gedir, niyə gedir. Sonra öyrəndim ki, Muradı bir həftəlik təlimə aparıblar”.

Anası oğlunun təlimə, ordan da müharibəyə yollanacağını eşidir. Muradla görüşmək üçün Pirəkəşkülə yollanır. Amma övladını sonuncu dəfə görə bilmir: “Öyrəndik ki, Füzuli istiqamətində döyüşə yollanıb. Hər gün bacıları ilə əlaqə saxlayırdı. Məni də onlardan soruşardı. Yerini demədi, elə hey deyirdi yaxşıyam. Qızlara deyirmiş ki, anama zəng edəndə ağlayır, ona görə zəng eləmirdi”.

Murad Füzuli və Qubadlı istiqamətində şücaətlə döyüşür. Artilleriyaçı Murad oktyabrın 21-də ömrünün 24-cü payızında şəhidlik zirvəsinə yüksəlir. Amma ailəsinin bundan xəbəri olmur.

Anası deyir ki, oktyabrın ilk həftəsindən Muradla əlaqələri tam kəsilib. Ailə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Binəqədi rayon şöbəsinə müraciət edib. Bildirilib ki, hər şey qaydasındadır.

Bundan sonra Əfruzə ana və Muradın əmisi birlikdə Füzuli istiqamətinə yollanıb. “Heç olmazsa səsini eşidim” deyib Qarabağ istiqamətində bütün hospitalları axtarıb. Muradın adı yaralı əsgərlərin siyahısında olmayıb. Ailə üzvlərinə Muradın döyüşdə olduğu bildirilib. Əlacsız qalan ana yenidən Bakıya qayıdıb.

Bundan sonra Muradın bacısı və yaxın qohumları yenidən Füzuliyə qayıdıb və qardaşının nəşinin Füzuli Diaqnostika Mərkəzində olduğunu eşidirlər. 44 günlük Vətən Müharibəsinin şəhidi Murad Məmmədlinin nəşi 46 gündən sonra ailəsinə təhvil verilib, dekabrın 7-də torpağa tapşırılıb: “Getməmişdən əvvəl qoluna canavar şəklini döymə elətdirmişdi. Mən də acıqlandım ki, niyə qoluna döymə vurdurmusan. Dedi ki, “ana, bu, boz qurd işarəsidir. Rəvayətə görə, boz qurd darda qalan türkləri xilas edib. Mən də ona görə elədim”. Oğlumun nəşini qolundakı “boz qurd” döyməsindən tanıdılar. Qurbanını da kəsmişəm, oğlumun əzasını üstündə tapdığıma görə… Heç bir anaya belə qurban kəsməyi arzulamıram”.

Leyla İsmayılova Muradın böyük bacısıdır. Ailənin ilk övladı olan Leyla deyir ki, Murad 3 bacının bir qardaşı olsa da, ərköyünlük etməyib. Çöhrəsində daim təbəssüm olan qardaşı onların qayğısını çox çəkib. Murad bacılarının övladlarına olan sevgisini də heç vaxt gizlətməyib, uşaqların sevimli, gülər üzlü dayısı onların hər nazını çəkirmiş: “Əsgərliyə gedən günü mən yola saldım. Çay istədi, bir qurtum içib tələsik getdi. Ölümə tələsirmiş kimi… Bizi heç vaxt nigaran qoymazdı. Zəng edib, hal-əhval tuturdu. Deyirdi, narahat olmayın, hər şey qismətdir. Arxaya çəkilməzdi Murad, mərd idi. Bizim muradımız idi Murad, nə qədər arzumuzu yarıda qoydu. Xəyallarımızda onun toyunu necə edəcəyimizi qurardıq. Hər uğuru ilə bizi sevindirirdi. Cüdo ilə məşğul idi. Hər dəfə qələbə qazananda yerə-göyə sığmırdıq. 46 gün itkin kimi axtardıq. Heç ağlıma belə gəlməzdi ki, şəhid olacaq. Elə bilirəm indi də qapı açılacaq və qardaşım içəri girəcək”.

Muradın adını bacısı Leyla qoyub. 24 yaşlı qardaşı onların yaddaşında iradəli, gülər üzlü siması ilə qalıb. Yoxluğuna heç kim inanmır. Müharibədən sağ-salamat qayıtsın deyə 3 bacısı da qurban deyibmiş.

Vətən savaşında döyüşçü yoldaşlarını xilas edərkən ürəyindən vurulub. Murad Teymurşah oğlu Məmmədli ölümündən sonra "Vətən uğrunda" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif olunub.

SEVİNC VAQİFQIZI,

ƏLİ ƏLƏKBƏR,

APA TV

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın