12:00 11 Sentyabr 2019 34
Ana səhifə Xəbərlər

Netanyahu İsrailə qatılacaq yeni ərazilərin adını çəkdi - ƏRƏB DÜNYASINDAN CAVAB

“Əgər Knessetə keçiriləcək seçkilərdən qalib ayrılsam, İsrail ərazisi İordaniya vadisi və Ölü dənizin şimalı hesabına genişlənəcək”.

APA TV-nin “Reuters”ə istinadən məlumatına görə, bu sözlərin müəllifi İsrailin baş naziri Benyamin Netanyahudur.

“Mənə bunu həyata keçirmək üçün sizin - ölkə vətəndaşlarının mandatı lazımdır. İsrailin suverenliyinin tam təmin olunması sizin əlinizdədir” - deyə, hökumət rəhbəri əlavə edib.

B.Netanyahu bildirib ki, o, bu istiqamətdə xeyli iş görüb və diplomatik səylər öz nəticəsini müsbət şəkildə büruzə verir. Xalqa bunları açıqlamağın əsl vaxtıdır.

Xatırladaq ki, İordan çayının qərb sahili 1967-ci ildən İsrail ərazisinə qatılıb. 1990-cı illərdə İsrail hökuməti ilə sülh razılaşması imzalayan Fələstin isə bu ərazini quracaqları dövlətin tərkibində görmək istəyir.

Baş nazirin göz qoyduğu ərazilərdə hazırda 11 min yəhudi, 65 min fələstinli yaşayır.

B.Netanyahunun açıqlaması Fələstin Azadlıq Təşkilatının etirazına səbəb olub. Təşkilatın baş katibi Saib Erekat bildirib ki, torpaqların ilhaqı hərbi cinayətdir:

“Ərazilərin ilhaqı cinayətdir. Qüdsün, Xebronun, İordaniya vadisinin, İordan çayının, Ölü dənizin ilhaqında Netanyahu və ona kömək edənlər məsuliyyət daşıyır. Fələstinlilərin kiçik şəhərlərə və kəndlərə köçürülməsi hərbi cinayətdir”.

İsraillə sülh sazişi imzalamış iki ərəb dövlətindən biri - İordaniyanın baş naziri yəhudi həmkarının planını ciddi eskalasiya adlandırıb.

Ərəb Liqasına daxil olan ölkələrin hökumət başçıları rəsmi Təl-Əvivin açıqlamalarını sülh danışıqlarına zərbə kimi xarakterizə edib.

Səudiyyə Ərəbistanı İslam Təşkilatına üz ölkələrin növbədənkənar iclasının çağırılmasını tələb edib.

İsrail siyasətçiləri isə B. Netanyahunun bu açıqlamalarını seçki öncəsi səs qazanmaq məqsədilə söylədiyini iddia edir.

Xatırladaq ki, sentyabrın 17-ə planlaşdırılan seçkilər ölkə tarixində ilk növbədənkənar seçkilərdir.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın