10:31 25 Mart 2021 324
Ana səhifə Xəbərlər

Nişanlanandan 19 gün sonra şəhid oldu

Sveta xanım hər gün müğənni Çingiz Mustafayevin ifasında “Ana, mən şəhid oldum” mahnısını dinləyir. Çünki bu, Sveta xanımın Vətən Müharibəsində şəhid olmuş oğlu Ələkbər Ələsgərovun son arzusu idi.

Sveta Ağayeva deyir ki, Ələkbər müharibəyə yollananda vaxt tapıb onunla vidalaşa bilməyib: “Hər gün səhər ona yemək hazırlayıb işə yola salırdım, məktəbə göndərirdim. Amma həmin gün mən oğlum üçün ayağa qalxıb yemək hazırlamadım. Özü səhər tezdən bir stəkan çay içib çıxıb getdi. O gediş onun sonuncu gedişi oldu”.

22 yaşlı Ələkbərin Vətən sevdası, yurd yanğısı onun arzularını üstələyir. Sentyabrın 12-də nişanlanan qəhrəmanımız Vətən Müharibəsi başlayanda döyüşlərə könüllü yollanır: “Sentyabrın 21-də səhər tezdən zəng gəldi. O, tez-tez hərbi komissarlığa çağırılırdı. Həmişə də gedib qol çəkib qayıdırdı. Biz elə bildik, əvvəlki kimi qol çəkib qayıdacaq. Heç onunla sağollaşmadıq da. Bir az keçəndən sonra mənə zəng vurub dedi ki, ata, biz getdik. Ondan sonra cəmi 1-2 dəfə zəng vurub. Sonuncu zəngi isə sentyabrın 28-də olub. Artıq döyüşlər başlamışdı”.

Valideynləri Ələkbərin nikahlarından 17 il sonra dünya gəldiyi bildirirlər. Bu gün Ələkbəri tanıyan hər kəs onun vətənpərvərliyindən, saf və mülayim xasiyyətindən, dünyagörüşündən, savadından ağızdolusu danışır: “O, 5-6 yaşında olarkən taxtadan oyuncaq silah düzəldərdi və bağın içində o tərəf-bu tərəf qaçaraq deyərdi ki, erməniləri belə qıracağam, düşməni belə öldürəcəyəm. Əsgərlikdən qayıdandan sonra da həmişə deyirdi ki, sən elə bil oğul böyütmüsən ki, mənimlə fəxr edəcəksən. Amma mən onun nə demək istədiyini başa düşmürdüm. Elə bilirdim ki, bütün bunları işləri ilə əlaqədar danışır.

Axır illərdə Azərbaycan Dövlət Dəniz Akademiyasının nəzdində Azərbaycan Dənizçilik Kollecində oxuyurdu. Dərsdən gəlib işə gedirdi. Gecə saat 12-də, 1-də evə gəlirdi. Son vaxtlar heç üzünü görə bilmirdik. Nə görmüşüksə, elə əsgərlikdən qabaq görmüşük. Əsgərlikdən gələndən sonra onun heç vaxtı olmurdu evdə oturmağa. Səhər dərsə, axşam isə işə gedirdi”.

Bir oğlunu Vətənə qurban verən ananın digər oğlu Tərlan da hazırda hərbi xidmətdədir. Oğul itkisinə baxmayaraq, şəhid anası başını dik tutaraq övladları ilə qürur duyduğunu bildirir: “Təxminən may-iyun ayları olardı. Qonşularla küçədə dayanmışdıq. Hər iki oğlum yanımda idi. Onda heç kiçik oğlum da əsgərliyə getməmişdi. İndiyə kimi yadımdadır. Biri sağımda, o biri isə solumda durmuşdu. Hər ikisi əlini çiynimə qoyaraq deyirdi, ana, görərsən, Qarabağı biz alacağıq. Gülürdüm ki, siz arıq uşaqlarsınız, o boyda bizim enlikürək uşaqlarımız var. Onlar ala bilmir, siz necə alacaqsınız deyirdim. Sən demə, onların ürəkləri böyük imiş”.

Qəhrəmanımızın atası İsgəndər Ələsgərov deyir ki, Ələkbər hərbi xidmətini də elə şəhid olduğu Füzuli rayonunda başa vurub. Görünür, gənc Ələkbərin taleyi Füzuli rayonu ilə bağlı imiş: “Orada bələdçi kimi gedibmiş Ələkbər. Ayın 27-də də orda bələdçi kimi olub. Üç bacı deyilən bir yolayrıcı var. Deyib ki, mən oranı tanıyıram, gedək oranı göstərim. Gecə yatıblar ki, səhər döyüşə hazır getsinlər. Gecə yuxu görüb. Dostları üçün danışıb ki, mən bu gecə yatdım, yuxuda gördüm ki, üç bacının biri məni boğur öldürür. O, öz ölümünü yuxusunda görüb.

Güclü atışmaya düşüblər. Döyüşçü yoldaşlarının dediyinə görə, mərmi yağış kimi yağırmış. Amma buna baxmayaraq çox irəliləyə biliblər. Bir neçə döyüş postunu düşməndən azad ediblər. Yəni Füzulidə çox ağır döyüş olub”.

Ələkbər İsgəndər oğlu Ələsgərov 1998-ci ilin 3 sentyabrında Bakıda doğulub. Gəmiçilik Akademiyasının məzunu olan 22 yaşlı Ələkbər 44 günlük Vətən Müharibəsinin 5-ci günündə - oktyabrın 1-də canını Qarabağ uğrunda fəda edib və elə həmin gün, oktyabrın 1-də Abşeron rayonunun Hökməli qəsəbəsində dəfn olunub.

Ələkbər Ələsgərov ölümündən sonra “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunub.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın