11:11 07 Yanvar 2021 184
Ana səhifə Xəbərlər

Nişanlı şəhid: “Torpağımız düşməndə ola-ola mənə toy-bayram yaraşmaz”

Torpaqlarımızın azadlığı uğrunda canından keçən mərd qəhrəmanlarımızdan biri də Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının çavuşu olan Tərlan Eyniyevdir.

APA TV xəbər verir ki, Tərlan Eyniyev 1993-cü il yanvarın 5-də Yardımlı rayonunun Zevin kəndində anadan olub. Hərbi xidmətini uğurla başa vurduqdan sonra komandanlığın arzusu ilə yenidən xidmətə başlayır. 10 il uğurla, şücaətlə, qüsursuz xidmət edir.

Ailənin sonuncu oğul övladı olan Tərlan bu xəbəri valideynlərinə özü verir. Atası Gölişad müəllim deyir ki, evləri hərbi hissəyə yaxın olduğundan, övladlarının hərbçi peşəsinə marağı olub. Tərlan da, qardaşı Vüsal da bu yolu sevərək seçib: “Nişanlı idi, nə qədər “evlən” dedik, dedi, yox, ata, belə evlənmək olmaz. Müharibə bitsin, evlənəcəm. Mənə yaraşmaz torpağımız düşməndə ola biz toy-bayram edək”.

Sonuncu dəfə valideynləri, doğmaları ilə sentyabrın 25-də görüşüb. Cəbhə bölgəsinə ezam olunduğunu desə də, müharibədə iştirak edəcəyini deməyib: “İlk nişanlısı ilə görüşüb. Sonra evə gəldi, gecəni yatmadıq. Uşaqlıqdan 27 yaşınadək nə yaşamışdısa, həmin gecəni hamısını bizə danışdı. Gecə saat 3-də ayın 26-sı gecəsi “xüsusi həyəcan siqnalı” gəldi və dedi ki, ata, bizi yola sal. Yolüstü komandirini də “Koroğlu” metrosunun qarşısından götürüb, burdakı hərbi hissəyə özüm apardım”.

Yol boyu atasına ürək-dirək verən Tərlan əvvəlcə öz telefonunu, sonra maaş kartını atasına verib və deyib ki, birdən ehtiyacınız olar, bizə lazım deyil. Atası Gölişad müəllim deyir ki, hər dəfə ayrılanda görüşərdi, amma bu dəfə sağollaşmadı. Bir az sonra isə atasına zəng edib: “Ata, sən həmişə “bircə bu torpaqların bütövlüyünü görsəydim” deyirdin. Qayıdım, sənə necə oğul olmuşamsa, hamısını göstərəcəm. Əvvəlcə anlamadım, axşam evə gəldim, televizorda Vətən Müharibəsinin başlanmasını eşidəndə anladım ki, Tərlan müharibəyə qatıldı. Döyüşlər başlayan gündən hər gün bizimlə əlaqə saxladı, əhval-ruhiyyəsi çox yüksək idi. Sonuncu dəfə oktyabrın 3-ü günorta saat 3-də zəng elədi. Anasını, hazırda Xüsusi Təyinatlılarda xidmətini davam etdirən böyük qardaşı Vüsalı soruşdu. Sonuncu dəfə danışırmışıq sən demə...”

Oktyabrın 3-ü gecəsi Gölişad müəllim gördüyü yuxunun xofundan oyanır. Deyir ki, rəhmətlik atam İsmayıl kişi yuxuma girdi, gördüm bizi yatılı qoyub Tərlanı oyadıb apardı. O gecəni səhərə qədər yatmayan valideynlər Tərlandan xəbər gözləyir. Oktyabrın 5-də isə övladlarının Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə şəhid olduğunu öyrənirlər.

Anası Əzizə xanım deyir ki, Tərlan 5 övladından həm xasiyyətcə, həm də istiqanlılığına görə fərqlənirmiş. Ezamiyyəyə gələndə anasının üzünü görmədən, alnından öpmədən qapıdan ayağını içəri qoymazmış Tərlan. Öz məvacibi ilə bacısıgilin qonşuluğunda özünə ev tikən Tərlan bir gün olsun belə həmin evdə yaşaya bilmədi - deyir anası: “Ağır dərddir ana üçün. Onları böyütmək üçün hər yükü götürmüşdüm. Amma Tərlanın yükünü götürə bilmirəm. Xidmətinin 10 illiyinin 10-cu günündə şəhid oldu balam. Nişanlısı da var. O da inanmır, deyir ki, qayıdacaq Tərlan. “Bircə sən ağlama” deyir. Bütün döyüşlərə namaz qılıb girib, sonuncu döyüşündə komandirinə müraciət edib. Komandiri deyib ki, Tərlan, təhlükəlidir, səni görərlər. O isə “cavabında komandir, qoy məni namaz üstə vursunlar” söyləyib. Namazı qılıb qayıdıb, bundan sonra döyüşə qatılıb”.

Daxili Qoşunlarının çavuşu Tərlan Eyniyev Vətən Müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb: “Mən şəhid olacağından heç qorxmazdım, deyirdim balam bircə əsir düşməsin. Atası da ona sonuncu dəfə demişdi ki, Tərlan, sonuncu gülləni özün üçün saxla, çalış əsir düşmə”.

Yanvarın 5-də dünyaya gələn Tərlan Eyniyev oktyabrın 5-də 27 illik ömrün ən uca zirvəsinə - şəhidlik zirvəsinə ucalıb və Şüvəlanın Qala kənd məzarlığında torpağa tapşırılıb. Ölümündən sonra "Vətən uğrunda" və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif edilib.

Bu gün Tərlanın əzizlərinin, doğmalarının bir arzusu var - övladlarının şəhadətlik zirvəsinə gedən yolu unudulmasın!

Sevinc Vaqifqızı

Musa Qulammirzəyev

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın