14:00 14 Fevral 2021 295
Ana səhifə Xəbərlər

Nitq və eşitmə qüsurlu gəncin əl işləri - ŞUŞA, KƏLBƏCƏR, XUDAVƏNG MONASTIRI...

Müharibədə yüzlərlə igid Vətən üçün canından, sağlamlığından keçdi. Sonu zəfər olan Vətən müharibəsi xalqımıza bir qürur və fəxarət verdi. Ürəyində yaradıcılıq ruhu olan insanlara isə bu, ikinci nəfəs oldu. Qəhrəmanımız Yusif Hacıyev nitq və eşitmə qüsurlu olsa da, hisslərini əsərləri ilə ifadə etməyə çalışıb.


APA TV olaraq onu sizə tanıdacağıq.


Yusifin 22 yaşı var, Gəncə şəhərində yaşayır. Ətrafdakı səsləri eşitməsə də, qəlbi ilə hər şeyi daha aydın duyur. Onda yaradıcı insanlara məxsus bir həssaslıq var. Azərbaycanın tarixi abidələrinə maraq və onların kiçik maketini hazırlamaq isə sevdiyi məşğuliyyətdir. Yusif hazırladığı hər bir abidəni internetdə araşdırır, onun əvvəlki görkəmini və indiki vəziyyətini müqayisə edir, ölçü ilə eskizlər hazırladıqdan sonra karton kağız və yapışqanla həmin abidənin maketini hazırlayır. Qəhrəmanımız danışa bilməsə də, Vətən Müharibəsindəki tarixi qələbəmizin qəlbində yaratdığı sevinc, qürur və fərəh hissini öz əl işləri ilə nümayiş etdirir.


Sağlamlıq imkanlarından məhdud olan 22 yaşlı Gəncə sakini Yusif Kəlbəcərdə yerləşən Xudavəng monastırını təxminən 10 günə hazırlayıb.


Qəhrəmanımızın anası Rəmidə Hacıyeva deyir ki, Yusif 5-6 yaşında maket hazırlamağa başlayıb və ilk olaraq plastilindən ev heyvanları hazırlayıb: “Çox həyəcan keçirirdi ki, mən də əsgər olum, gedim ermənilərlə vuruşum. Birinci Şuşanı düzəltdi, sonra da Kəlbəcəri. Yəni onda sevinmək, vətənpərvərlik hissləri oyandı”.


Yusif 44 günlük Vətən Müharibəsi zamanı işğal altında olan rayonlarda yerləşən qədim abidələrin maketlərini hazırlayıb. Şuşa işğaldan azad olunan gün Şuşa qalasının, Kəlbəcər işğaldan azad olunan gün Xudavəng monastırının maketini hazırlayıb. Anası Rəmidə Hacıyeva deyir ki, düşən tapdağı altında olan rayonlarımız azad olunan gün Yusif çox sevinirdi. Hətta elə gecə olurdu ki, səhərəcən yatmırdı: “Şuşa alınmamışdan qabaq bilirdi ki, Şuşa alınacaq, onu tez, gecə-gündüz yatmadan işlədi, hazırladı ki, Şuşa alınanda hazır olsun. Şuşa alınanda da sevindi. Sonrada keçdi Kəlbəcərə. Gecə 3-ə kimi yatmırdı. Kəlbəcər alınanda bu da hazır oldu”.


Bir də Yusifin ən çox sevdiyi Novruz bayramı, ənənələrimiz, kənd həyatı və ilin fəsillərinə uyğun təbiət mənzərələri hazırlamaqdır. Solaxay olmasına baxmayaraq, istənilən xammal onun əlində əvəzsiz bir əsərə çevrilir. Gördüyü işdə əl qabiliyyəti ilə yanaşı, səbir də çox mühüm məsələdir. Çünki hər bir maketin hazırlanmasında dəqiqlik lazımdır: “Şüvəlanda 2 nömrəli internat məktəbində təhsil alıb. Orda da müəllimə hey deyirdi ki, harda kağız, vərəq, karton tapır, başlayır onu kəsib düzəldirdi. Yəni orda Qız qalası düzəldib, abidə düzəldib. Bəzi cürbəcür güllər, çiçəklər, nə bilim fiqurlar... Yəni onun əl işləri Bakıda sərgidə olub”.


Bütün bu əl işlərini Yusif öz təqaüdü hesabına satın aldığı xammalla hazırlayır. Kartondan düzəltdiyi Xudavəng monastr kompleksini gələcəkdə taxtadan və iri ölçüdə hazırlamaq fikrindədir. Onun ən böyük arzusu isə fərdi sərgisini təşkil etmək və gələcəkdə tarixi filmlər üçün iri ölçüdə dekorasiyalar hazırlamaqdır. Çünki bu yolla Vətənə sevgisini ifadə etmək və ona xidmət etmək istəyir.


Fuad Nazimoğlu,
Mehdi Məmmədov,
APA TV

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın