12:04 13 Yanvar 2021 42
Ana səhifə Xəbərlər

“Nizami Gəncəvi İli”nin paytaxtı - REPORTAJ

Prezident İlham Əliyevin sərəncamı ilə 2021-ci il Azərbaycanda “Nizami Gəncəvi İli” elan edilib.

APA TV xəbər verir ki, Nizami Gəncəvi ömrü boyu dövrün mühüm mədəniyyət mərkəzlərindən olan qədim Azərbaycan şəhəri Gəncədə yaşayıb yaradıb. Yaxın və Orta Şərq fəlsəfi-ictimai və bədii-estetik düşüncə tarixini zənginləşdirən ecazkar söz sənəti incilərini də məhz burada ərsəyə gətirib. Dahi ədibin məzarı və məqbərəsi Gəncə şəhərindədir.

Bu il dahi şairin 880 illik yubileyi qeyd olunacaq. 9 əsr vaxt keçməsinə baxmayaraq, onun yazdıqları bu gün də aktualdır. Bu il onun irsinə yeni bir baxış olacaq, müxtəlif beynəlxalq konfranslar keçiriləcək. Bütün bu tədbirlərin ölkəmizdə və xarici ölkələrdə keçirilməsi planlaşdırılır.

Milli Məclisin deputatı Pərvin Kərimzadə deyib ki, Nizami yurdu hesab olunan Gəncə də bu il bir sıra tədbirlərə ev sahibliyi edəcək: “Bu, ədəbiyyata, mədəniyyətə, milli mənəvi dəyərlərə verilən dəyərin təzahürüdür. Adı Gəncə ilə qoşa çəkilən Nizami Gəncəvi təkcə Azərbaycan mədəniyyətinə deyil, eyni zamanda dünya mədəniyyətinə böyük incilər verən dühadır. 2021-ci ilin “Nizami Gəncəvi” ili elan olunması böyük şəxsiyyətə verilən qiymətdir”.

Deputatın fikrincə, Nizami Gəncəvi hər zaman təbliğ olunmalı şəxsiyyətdir: “2021-ci ildə Nizami Gəncəvinin dünyada təbliğinə böyük önəm və töhfələr veriləcək. Beynəlxalq konfranslar keçiriləcək, tədbirlər olacaq və Azərbaycana çox sayda qonaqlar səfər edəcəklər ki, Nizami irsi ilə yaxından tanış olsunlar. Bu tədbirlər zamanı Azərbaycanımıza səfər edən qonaqlar mütləq Nizaminin vətəni, onun doğulduğu, yaşadığı şəhər olan Gəncəyə gələcəklər. Gəncədə 44 günlük müharibə ərzində ermənilərin törətdikləri vandallıqların həmin o yerləri ziyarət edərkən birbaşa onların şahidi olacaqlar. Bunun da bir tərəfdən mədəniyyətimizə, digər tərəfdən isə haqq səsimizin, Qarabağ həqiqətlərinin dünyada təbliğatında çox böyük töhfələr verəcəyinə əminəm”.

Nizami Gəncəvi öz əsərləri ilə adını bəşəriyyətin tarixinə yazdı. Ona ehtiram əlaməti olaraq Gəncə şəhərinin müxtəlif yerlərində zaman-zaman onun əsərlərindən olan müxtəlif obrazlara heykəllər qoyulub. “Nizami Məqbərə Kompleksi”nin həyətində “Xəmsə”yə daxil olan poemalardan kompozisiyalar qurulub.

Gəncə Tarix-Mədəniyyət Qoruğunun Nizami filialının müdiri Gülnarə İsmayılova deyib ki,

öncəki vaxtlarda Nizami ili olmasa da, Gəncəyə gələn ziyarətçilərin hamısı ilk olaraq Nizami məqbərəsini ziyarət edirlər: “İl ərzində bizim 30 minə qədər ziyarətçimiz olur. Onlar orta məktəb şagirdləri, yerli və xarici vətəndaşlardır. Hətta idmançılarımızı belə məqbərə önündə qarşılayıb, yola salırlar. Bu Gəncənin adət-ənənəsidir ki, illərdir davam edir. Hətta belə adət olub ki, Nizami sərdabəsinə yığılan vəsait ətraf tərəfin kasıblarına paylanırmış. Yeni ailə həyatı quran gənclərə valideynlər toydan öncə Quran kitabı ilə birgə Nizami Gəncəvinin “Xəmsə”sini hədiyə verirlərmiş”.

Gülnarə xanım deyib ki, məqbərəyə daha çox Türkiyə, Rusiya və İsraildən gələnlər olur: “Rusiyanın dövlət məmuru burda oldu və “Yeddi gözəl” əsərini əzbərdən danışdı. Türkiyədən gələn bir general idi. İnanın ki, mən Nizami Gəncəvinin əsərlərindən “Sirlər Xəzinəsi”ndən deyəndə o, hekayələri bir-bir əzbər deyirdi. Onlar Nizamini dünya şairi kimi qəbul edirlər”.

Nizamini tədqiq edən alimlər onun nəinki ədəbiyyat, poeziya sahəsini o cümlədən digər elmləri də mükəmməl bildiyini və “Xəmsə”yə daxil olan poemalarda bu elmlərə dair də maraqlı və dəqiq faktlar qeyd olunduğunu bildirir.

Nizamişünas alim, filologiya üzrə elmlər doktoru Xəlil Yusifli deyib ki, Nizami Gəncəvi şərqin bütün elmi əsərlərini oxuyub, bütün elmləri, riyaziyyatı, tibbi, fəlsəfəni, astronomiyanı bilib: “Nizami deyir ki, eşitmişəm hər ulduz bir kainatdır. Hər ulduzun ayrıca yeri-göyü var. Yəni indinin özündə biz anlayırıq ki, günəş və günəş sisteminin bütün ulduzlarının hər biri bir sistemdir. Ancaq Nizami bunu o vaxt bilib. Hətta ulduzların hərəkətini, davranışını nəyin nəyə xeyir-ziyan olduğunu hamısını bilib”.

Qeyd edək ki, Nizami Gəncəvi yaradıcılığına ehtiram əlaməti olaraq Bakı-Gəncə avtomagistralının sağ tərəfində yol boyu məqbərəyə qədər “Xəmsə”yə daxil olan hər bir kitabın özünə heykəl ucaldılıb. Əsərin müəllifi əməkdar rəssam, heykəltəraş Şərif Şərifovdur. Həmin avtomagistraldan başlayan prospekt Nizami Gəncəvi prospekti adlanır.

Fuad Nazimoğlu,

Mehdi Məmmədov,

APA TV Gəncə

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın