15:20 01 May 2018 3145
Ana səhifə Xəbərlər

Nobellərin Hacıqabuldakı binasını şadlıq sarayına çeviriblər - REPORTAJ

XIX əsrin ikinci yarısında və XX əsrin əvvəllərində dünyanın diqqət mərkəzində olan Bakı nefti Nobel qardaşlarını Bakıda ən böyük kapitala sahib neft maqnatlarından birinə çevirmişdi.

APA TV-nin Mil-Muğam bürosunun xəbərinə görə, Bakı nefti ilə kifayətlənməyən Nobel qardaşları eyni zamanda Azərbaycanın digər ərazilərində də neft hasilatı ilə məşğul olurdular.

Keçmiş Şamaxı qəzasına daxil olan indiki Hacıqabul rayonu və ona yaxın ərazilərdə neft mədənlərinə sahib olan Nobellər Bakı neftini Avropa bazarına ötürmək üçün burada kiçik neft infrastrukturu yaratmışdılar.

Ərazidə hasil edilən 1904-cü ildə Nobel qardaşları tərəfindən inşa edilən bu binada neft emal olunduqdan sonra qatarlar vasitəsilə Batum limanına göndərilib. Orada isə tanker və barjalara yüklənən Azərbaycan nefti Avropa bazarlarına ixrac edilib.

Rusiya imperiyasının təsiri altında olan dilimizdə “nefteprovod” kimi el arasında yaddaqalan tikili Bakı və digər ərazilərdən hasil edilən neftin Batum limanına kəmərlər və dəmir yolu vasitəsilə ötürülməsində vasitəçi olub. Cəlbedici memarlıq üslubuna malik olmasa da, Azərbaycanın neft tarixinə və Nobel qardaşlarına aid olması bir əsrdən çox yaşı olan tikilinin əhəmiyyətini önə çəkir.

Sirr deyil ki, dünyanın elitar mükafatlarından birinin təsisçisi olan Nobel Fonduna məxsus kapitalda Azərbaycan neftinin də böyük payı var. Azərbaycanın, o cümlədən Bakının adının Nobellərin adı ilə yanaşı çəkilməsi ölkəmiz üçün tarixi və mədəni baxımdan çox əhəmiyyətlidir.

QHT rəhbəri Mübariz Xəlilov deyir ki, söhbət açdığımız bu neftötürmə məntəqəsi çoxlarına məlum deyil. Bəlkə də əksər tarixçilər ilk dəfədir ki, bu barədə eşidirlər. Elə Nobellər ailəsi üçün də bunu bilmək maraqlı olardı: "XIX əsrdə neft sənayesinin inkişafı ilə əlaqədar Bakıya xaricdən güclü axın oldu. O cümlədən böyük neft maqnatları olan Nobel qardaşları da bu ərazidə böyük neft mədənləri salaraq neftin daşınması, satılması və xarici bazara çıxarılması işi ilə məşğul olurdular. Bakı neftinin əsas inhisarçılarından biri Nobel qardaşları idi. Gördüyünüz bu məntəqə Nobel qardaşlarının inşa etdiyi, 1904-cü il işə düşən Bakı-Batum neft kəmərinin məntəqələrindən biri idi. Nefti mazutdan ayırır, təmizləyir və kəmərlərlə Batuma ötürürdülər. Orda da tankerlərə doldurub dünya bazarlarına çıxarırdılar. Beləliklə, Nobelin neft məntəqəsi olan ərazidə neftçilər üçün hər şərait var idi. Əfsuslar olsun ki, bu məntəqə tarixi abidə, muzey kimi yox, şadlıq sarayı kimi fəaliyyət göstərir".

Qeyd edək ki, tikilinin Batumda olan analoqu - son məntəqəsi, deyilənə görə, indi Nobel muzeyi kimi fəaliyyət göstərir.

Müəllif | Apa.Tv

Əlibəy Zeynallı

Kodu kopyalayın