14:00 25 Yanvar 2021 309
Ana səhifə Xəbərlər

Oğlunu yalnız fotolarda görə bildi - REPORTAJ

Vətən Müharibəsində olduğu zaman övladı dünyaya gəlib. Oğlunu yalnız şəkillərdə görə bilib. Anasına və kiçik qardaşına deyib ki, şəhid olsam, oğlumu sizə əmanət edirəm. Söhbət 44 günlük müharibədə şəhid olan Tovuz rayonunun Qovlar şəhər sakini, 25 yaşlı Zülfüqar Abbasovdan gedir.

Zülfüqar 2020-ci il sentyabrın 27-də başlanan Vətən Müharibəsinə könüllü olaraq yollanıb. Şəhidin qardaşı Elmar Abbasov deyir ki, cəbhənin Murovdağ, Füzuli və Xocavənd istiqamətində gedən şiddətli döyüşlərdə iştirak edib, düşmənin xeyli sayda canlı qüvvəsini və texnikasını məhv edib: “Hamı deyirdi getmə, sənin övladın olacaq. Bir az gözlə, övladın olsun, sonra get. Deyirdik, birdən nəsə olar. Deyirdi ki, gələcəkdə mənim övladım fəxr eləsin ki, atam şəhid olub. Qardaşım çox vətənpərvər idi. Deyirdi, qorxmayın, məndən narahat olmayın”.

Zükfüqar Abbasov hərbi əməliyyatların dayandırılmasına bir neçə saat qalmış cəbhənin Xocavənd istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb. Ailəsi onun şəhid olmasından noyabrın 19-da xəbər tutub. Anasının sözlərinə görə, sonuncu dəfə Zülfüqar ailəsi ilə noyabrın 7-də əlaqə saxlayıb: “Döyüşdən heç nə demirdi. Deyirdi, ay mama, yaxşı olacaq. Soruşurduq, deyirdi hər şey yaxşıdır. Gah deyirdi Ağdərədəyik, Xocavənddəyik. Yerini gizlədib həmişə bizi belə aldadırdı. Prezidentimiz sağ olsun. Mən oğlumla fəxr edirəm. Övladım şəhidlik adını qazanıb”.

Şəhidin qardaşı Tural Abbasov Zülfüqarla son danışığını belə xatırlayır: “Axırıncı dəfə ayın 7-si danışdıq. Onda danışanda mənə dedi ki, hər şey yaxşıdır, bayrağımızı sancmışıq. Dedim ki, özündən muğayat ol, sən oğlunun üzünü görməmisən. Deyirdi ki, narahat olma. Qardaşımın döyüş yoldaşları yaralı olsalar da, dəfnə gəlmişdilər. Onlar da qardaşımın qəhrəmanlığından danışırdılar. Deyirdilər ki, qardaşın kişi kimi şəhid oldu, çox qəhrəmanlıqlar göstərdi”.

Zülfüqarın övladı oktyabrın 16-da dünyaya gəlib. Alidə ana deyir ki, Zülfüqar bu xəbəri eşidəndə çox sevinib. Tural Abbasov deyir ki, qardaşı oğlunun adını döyüş yoldaşının istəyi ilə qoyub: “Onun bir döyüş yoldaşı var idi, adı Orxan idi. Ondan soruşub ki, oğlumun adını nə qoyum. O da deyib ki, Davud qoy. Qardaşıma deyib, sənin burda qardaşın mənəm, mən dediyim adı qoy. İnşallah, başqa övladın olanda qardaşın qoyar onun adını. Razılaşıblar, qardaşım mənə zəng elədi, adını Davud qoyun. Mən də dedim adıyla yaşasın”.

Qonşuları deyir ki, Zülfüqarın haqqında saatlarla danışmaq olar. Çox tərbiyəli bir övlad idi. Vətənini sevmək onun qanında var idi: “Çox vətənpərvər, ailəcanlı oğlan idi. Bütün qonşulardan soruşa bilərsiniz. Biz şəhidlərə borcluyuq. Prezidentimiz sağ olsun, şəhidlərin şücaətini qiymətləndirir. Onun qəhrəmanlığından çox danışmaq olar”.

Silah yoldaşları Zülfüqarın qəhrəmanlıqlarından ürək dolusu danışırlar: “Ayın 9-da mən yaralandım, Zülfüqar da şəhid oldu. Zülfüqar çox mərd bir oğul idi. Bütün Azərbaycan oğlanlarının hamısı mərd idi. Hər biri mərdliyini göstərirdi. Bir əsgərimiz belə qorxmurdu, hamı irəli gedirdi. Geriyə qayıtmaq yox idi”.

Zülfüqar Xocavəndin işğaldan azad olunan bir neçə ucqar kəndinə üçrəngli bayrağımızı sancıb. Döyüş yoldaşı Fuad Mehdiyev deyir ki, hətta döyüş meydanında yaralı vəziyyətdə olan döyüş yoldaşını da xilas edib: “Füzulinin, Xocavəndin alınmasında iştirak etdik Zülfüqarla birlikdə. Çox gözəl, səmimi bir insan idi. Düşmən bizi mühasirəyə saldı. O vaxtı Zülfüqarla birlikdə mühasirədə qalmışdıq. Dörd saatlıq gedən döyüşdən sonra mühasirədən çıxdıq, düşməni məhv elədik. Ondan sonra getdik Xocavəndə. Ayın 7-si mən yaralandım, 8-i təxliyə olundum. Ayın 9-u isə Zülfüqar qəhrəmancasına şəhid oldu. Mən ayağımdan, boynumdan, qarın nahiyəsindən yaralandım. O vaxtı Zülfüqar kömək elədi mənə”.

Şəhid Zülfüqar Abbasov noyabrın 20-də doğulduğu Qovlar şəhər qəbiristanlığında torpağa tapşırılıb. Göstərdiyi şücaətə görə ölümündən sonra “Vətən uğrunda”, “Füzulinin azad edilməsinə görə” və “Xocavəndin azad edilməsinə görə” medalları ilə təltif edilib.

Fuad Nazimoğlu

Mehdi Məmmədov

APA TV Tovuz Qovlar

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın