07:20 12 Noyabr 2019 213
Ana səhifə Xəbərlər

Oğurladığı pulu “Topaz”da uduzdu

Göygöl polisi mənzildən 5 min manatlıq qızıl-zinət əşyasını oğurlayan iki nəfəri saxlayıb.

APA TV-nin xəbərinə görə, məlum olub ki, hər 2 şəxs əvvəllər məhkumluq həyatı yaşayıb və Gəncədə də oğurluq edib.

Saxlanılan şəxslər Gəncə şəhər sakinləri - 37 yaşlı Ülvi Novruzov və 32 yaşlı Rəşad Ələkbərovdur. Onlar bu il avqustun 27-də Göygölün Hacıməlik qəsəbəsində evlərdən birindən oğurluq etməkdə təqsirləndirilirlər. Əldə etdikləri qənimət isə 5 min manatlıq qızıl-zinət əşyaları, 400 manat nağd pul və 3 ədəd müxtəlif markalı mobil telefon olub. Hər iki şəxs Göygöl rayon Polis Şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində tutularaq istintaqa təqdim olunub. Onların oğurladıqları mobil telefon və qızıl-zinət əşyalarının bir qismi müəyyən edilərək maddi sübut kimi götürülüb.

Ülvi Novruzov törətdikləri cinayəti etiraf edib: “Boşluq idi, getdik, ev xoşumuza gəldi. 400 manat aşağı mərtəbədə pul var idi, onu, yuxarıda da 3 dənə telefonu götürüb çıxdıq. Qalan nə var, nə yox, heç nədən mənim xəbərim yoxdur”.

Rəşad Ələkbərov isə deyib ki, oğurladığı pulu uduzub: “Götürdüm telefonu satdım. Qızılı da lombarda qoydum. 400 manatı da “Topaz”da uduzdum”.

Baş müstəntiq Samir Rüstəmovun sözlərinə görə, saxlanılan şəxslərin ətrafında aparılan araşdırmalar zamanı məlum olub ki, bu onların ilk cinayəti deyil: “Oğurluq cinayətini törətmiş Rəşad Ələkbərov və Ülvi Novruzovun ətrafında keçirilən əməliyyat-istintaq tədbirləri nəticəsində müəyyən edilib ki, həmin şəxslər Gəncə şəhərində bir neçə oğurluq cinayətləri törədiblər. Həmin fakt üzrə də hazırda istintaq araşdırmaları davam etdirilir”.

Hər iki şəxsin barəsində Göygöl rayon Məhkəməsinin qərarı ilə həbs-qətimkan tədbiri seçilib və cinayət işi açılıb.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın