11:15 03 Sentyabr 2020 537
Ana səhifə Xəbərlər

Ölüm qorxusu ilə yaşayan insanlar – ARAŞDIRMA

“İnsanın evi onun zindanı yox, sarayı olmalıdır”. Çox təəssüf ki, məşhur yazıçı Elsie Robinsona aid olan bu kəlamı Abşeron rayonunun Nübar yaşayış massivindəki qəzalı evlərin sahiblərinə aid edə bilmərik.

APA TV-nin məlumatına görə, bu ərazinin sakinləri torpaq sürüşməsi səbəbi ilə yaşadıqları evlərin günbəgün ölüm qorxusu saçan zindana çevrildiyini deyirlər. Vulkanik ərazidə yerləşən evlər ani sürüşmə zamanı yerlə bir ola bilər. Hətta bir çox sakinlər bunu nəzərə alıb Nübar yaşayış massivini tərk edib. Çarəsizlikdən burda qalanlar da var. Qəsəbə sakini Aynurə Məmmədova gecə yatarkən hər gün ölümü gözə aldıqlarını deyir: “Qış aylarında yağış və ya qar yağanda torpaq ayağımızın altından gedir. Bir də görürük ki, evin divarlarında aralanma var. Gecə yatanda divarlardan “çık-çık”- belə səslər gəlir. Demək torpaq sürüşür ki, evdən belə səs gəlir də. Səslər həddən artıq çox olur. Həyat yoldaşım hər gün ölçür. Divarlardakı aralanmalar günbəgün artır. Bizə köməklik etsinlər. Kompensasiya versinlər gedib özümüzə ev alaq. Təki uşaqlarımı bu bəladan qurtarım”.

2007-ci ildə tikdirdiyi və 248 kvadratmetr sahəni əhatə edən 2 mərtəbəli ev üçün 50 min manatdan çox pul xərclədiyini deyən həmsöhbətimiz yaşadığı mənzildə çatların yaranması ilə bağlı dəfələrlə aidiyyəti qurumlara şifahi və yazılı müraciətlər edib. Lakin onun şikayətləri cavabsız qalıb: “Bələdiyyədən bizim ev tikmək üçün icazəmiz var. İcra nümayəndəliyinin də məlumatı var. Bu ərazini ev tikmək üçün almışıq. Yəni bu torpaq sahəsi bağçılıq təsərrüfatı üçün verilməyib. Abşeron Rayon İcra Hakimiyyətində deyirlər ki, guya biz bu evləri qanunsuz tikmişik. Amma biz qeyri-qanuni ev tikməmişik. Gəlib baxan yoxdur. İcradan da deyirlər ki, bizim həmin evləri təmir etmək üçün vəsaitimiz yoxdur. Mən onlardan təmir istəmirəm. Bu evi söküb yerində başqa ev də tikə bilərəm. Amma bura sürüşmə zonasıdır, vulkanik ərazidir. Tutalım ki, mən bu evi təmir etdirdim. Bilirəm ki, yenə uçulacaq”.

Qəsəbə sakini Siyavuş Məmmədovun mənzilində də analoji problem yaşanmaqdadır. O deyir ki, mənzilinin divarlarında yaranan çatlar o qədər böyükdür ki, oradan evə həşəratlar, hətta sürünənlər daxil olur: “Evdə yaşamaq tamamilə çətinləşib. Ailə-uşaqla qalmışıq bu çətin vəziyyətdə. Bizə köməklik göstərilməyini istəyirik. Burda artıq yaşayış mümkün deyil. Tək bizim evdə deyil, burdakı əksər evlərdə belə çatlar var. Burda yaşamağı, nəyisə yenidən qurmağa ümidimiz yoxdur. Aidiyyəti qurumlara da müraciət etmişik. Tək ümidimiz rəhbərliyə - prezident İlham Əliyevə və I vitse prezident Mehriban Əliyevaya qalıb. Onların köməkliyi ilə bəlkə biz bu vəziyyətdən çıxdıq. Başqa bir ümidimiz yoxdur”.

Sakinlər problemdən yeganə çıxış yolunun kompensasiya ödənilmək şərti ilə burdan köçürülmə olduğunu deyirlər: “Göndərdiyimiz bütün məktublar Abşeron Rayon İcra Hakimiyyətinə yönəldilir. Onlardan da aldığım cavabda deyilir ki, bizim sizin üçün ayırmağa torpağımız, evimiz yoxdur. Biz bu torpaq sahəsini ev tikmək məqsədilə hökumətdən almışıq. Rəsmi sənədimiz də var. Sənəddə göstərilib ki, torpaq sahəsi fərdi ev tikmək üçün verilir bu adama. Mən də həmin sənədə əsasən bu evi tikmişəm”.

Məsələ ilə bağlı sakinlərə ev tikmək üçün rəsmi sənəd verən quruma – Hökməli Bələdiyyəsinə yollandıq. Qurumdan bildirdilər ki, həmin ərazidə tikilmiş evlər azı 10 il bundan qabaq inşa olunub və sakinlərin əlindəki rəsmi sənədlərə hazırkı Bələdiyyə sədri imza atmayıb.

Növbəti üz tutduğumuz məkan isə Abşeron Rayon İcra Hakimiyyəti oldu. Qurumun baş məsləhətçisi Fariz Əliyev bildirdi ki, Abşeron rayonu, Hökməli bələdiyyəsinin Nübar yaşayış massivində endogen-geodinamiki və ekzogen-geoloji proseslərlə əlaqədar olaraq oradakı əhalinin köçürülməsi ilə bağlı Nazirlər Kabineti Aparatının 23 sentyabr 2019-cu il tarixli tapşırığı var. Lakin koronavirus pandemiyası ilə əlaqədar işlər bir qədər ləngiyib.

Məlumat üçün bildirək ki, Nübar yaşayış massivinin vulkanik yayla deyilən ərazisində 200-ə yaxın ailə yaşayır.

Həmidağa Məcidov,

Üzeyir Ağayev,

APA TV

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın