08:00 09 Aprel 2018 436
Ana səhifə Xəbərlər

Ölümündən iki ay sonra ata oldu - APREL ŞƏHİDİ ZİYA HƏSƏNOV

2016-cı ilin aprel döyüşlərində böyük şücaət göstərib şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımızdan biri də baş leytenant Ziya Həsənovdur.

APA TV-nin Qarabağ bürosunun xəbərinə görə, Ziya Həsənov 1989-cu ildə Ağdam şəhərində dünyaya göz açıb.

Ağdamın işğalından sonra Ziyanın ailəsi Bərdə rayonunun Lək kəndində məskunlaşıb. Uşaqlığı və gəncliyi Bərdədə keçən Ziya Ali Hərbi Məktəbi bitirdikdən sonra könüllü olaraq birbaşa təmas xəttində xidmətə başlayır. Əvvəlcə Ağdam, sonra isə cəbhənin Füzuli istiqamətində zabit kimi xidmət keçir.

Heç vaxt ailəsinə peşəsinin çətinliklərindən danışmazmış. Elə iki il əvvəl - aprelin 4-də atası Niyazi Həsənovla sonuncu telefon danışığında da Ziya ailəsinə narahat olmamalarını, tezliklə qələbə ilə qayıdacağını deyir. Bir gün sonra isə baş leytenant Ziya Həsənov tabeçiliyindəki şəxsi heyətlə birlikdə Cəbrayıl rayonu istiqamətində- Lələtəpə uğrunda son döyüşünə girir və şəhid olur: "Sonra döyüşlər qızğın gedirdi, bilirdik. Dəfələrlə yığdıq, amma danışa bilmədik. Sonra İcra Hakimiyyətindən yığdılar və hərbi komissarlığa gəlməyimi dedilər. Sanki həmin an nə isə qırıldı, hiss elədim. Çətin günlər idi".

Aprel döyüşlərində tarix yazan Ziya təkcə ailəsinin yox, bütün xalqın istəkli övladı oldu. Ziyanın yoxluğu valideynlərini incitsə də, onlara heç nə ilə əvəz edilə bilməyəcək böyük qürur yaşadır: "Övlad yoxluğunu hər yerdə gecə də, gündüz hiss edirəm. Amma sanki içimdə bir qurur hissi də var. Çünki əbəs yerə yox olmayıb, torpaq, vətən və xalq uğrunda mərdliklə, cəsarətlə şəhid olub mənim oğlum. Və bu gün Cocuq Mərcanlıdan söhbət gedəndə, oradakı yaşayanları görəndə mən fikirləşirəm ki, bu gün üçün Ziya da canını qurban verib".

Baş leytenant Ziya Həsənov xidmət apardığı hərbi hissələrdə özünə böyük hörmət qazanıb. Ziyanın şəhid olmasından iki il ötməsinə baxmayaraq, döyüş yoldaşları onu unutmurlar. Zaur Hüseynov da onlardan biridir: "Bu gün mən həyəcanlıyam, hətta o günləri yada salanda doluram. Çünki o insan canını tapşıranda da gülə-gülə getdi. Mən həyatın boyu inanmazdım ki, elə insan var. Bəlkə də var, mən görməmişəm. Yəni elə bir insan, elə bir oğul idi. Bir qarış olsa da, azad etdiyimiz torpaqları görəndə həmişə gülürdü ki, şükür Allaha, şükür Allahın bu gününə, biz az da olsa, onu gördük".

Hələ sağlığında peşəkar hərbçi kimi müxtəlif mükafatlara layiq görülən baş leytenant Ziya Həsənov ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalla təltif olunub. Hələ dünyaya gəlməzdən öncə Yağmur adını verdiyi qızı isə Ziyanın ölümündən iki ay sonra dünyaya göz açıb. Ailəsi və yaxınları onun xatirəsini əbədiləşdirmək üçün ev muzeyini yaradıb. Muzeyi zənginləşdirmək üçün rayon məktəbliləri də müxtəlif eksponatlar hədiyyə edib. Ziyanın şəxsi əşyalarının qorunduğu bu muzey Bərdə və ətraf rayonların sakinlərinin, döyüş yoldaşlarının da tez-tez ziyarət etdiyi məkana çevrilib artıq.

Məkanın cənnət olsun, Şəhid Leytenant!


Müəllif | Apa.Tv

Ayşən Əhməd

Kodu kopyalayın