11:06 16 Sentyabr 2020 1057
Ana səhifə Xəbərlər

Onlayn dərslər internetin sürətinə necə təsir göstərəcək? - ARAŞDIRMA

Sürətlə inkişaf etməkdə olan dünyamızda internetin rolu danılmazdır.

APA TV-nin məlumatına görə, müasir zamanın açarı hesab olunan internetin özünün də sürəti var. Amma bu sürət bəzi hallarda bizi yarı yolda qoya bilir.

Ən azından sosial şəbəkələrdə son zamanlar internetin sürətinin həddən artıq zəif olması ilə bağlı edilən şikayətlər və paytaxt sakinləri arasında apardığımız rəy sorğusu belə deməyə əsas verir:

- Hazırda internetin sürəti bizi heç qane etmir. Axşam saatlarında kəsintilər çox olur. Rahat şəkildə film izləyə bilmirəm. “BAKTELECOM” istifadə edirəm və ayda 15 AZN ödəyirəm.

- Evdə istifadə olunan şəbəkə interneti o qədər də əlverişli deyil. İnternet gedib-gəlir. Həmçinin qırılmalar yaranır, sürətdə problem olur. Hər halda mobil internet bundan daha yaxşıdır.

- “KATV” istifadə edirdik. Əvvəllər yaxşı idi. Pandemiya dövründən sonra onun da sürətindən razı deyiləm. Bir də “Rahat Telecom” istifadə edirik. O da son vaxtlar tam qane etmir. 15 megabit sürət üçün ayda 20 manat ödəyirəm. Amma istədiyim sürəti ala bilmirəm. Yoxlayıram sürət hərdən 7-8 megabitə düşür.

- İnternetin sürəti hər yerdə çox zəifdir. Provayderləri tanımıram. Amma internet üçün ayda 15-20 manat ödəyirik. Onu da kəsintilərlə ala bilirik. Çox zəifdir.

- Ayda 15 manat ödəyirəm. Adı var ki, guya sürətlidir. 2 gündür övladımla görüntülü danışmaq üçün internet tapa bilmirəm. ATS-ə zəng vurdum. Oradan bir nəfər cavab verdi ki, modemi söndür yandır düzələcək. Söndürüb yandırdım internet düzəldi. Soruşdum nə ilə əlaqəlidir, dedi ki, xəttə problemlər ola bilir.

Yeni tədris ilinin başlaması ilə əksər valideynlər seçim qarşısında qalıb. Kimi övladını birbaşa məktəbə göndərir, kimisi də koronovirus təhlükəsini nəzərə alıb uşağının onlayn dərslərə qatılmasına üstünlük verir. Bütün bunlar vətəndaşların yaralı yeri olan internetin sürətinin daha da azalmasına səbəb ola bilər.

"Bakı Telefon Rabitəsi" MMC-nin İctimaiyyətlə əlaqələr üzrə sektor müdiri Nuranə Əliyeva deyir ki, qurum yeni tədris ilində onlayn dərslərin keçirilməsinin internetin ümumi sürətinə mənfi təsir edəcəyini nəzərə alaraq qabaqlayıcı tədbirlər həyata keçirib: “Bu məqsədlə şəbəkənin tutumu artırılır. Yüklənmələrin qarşısının alınması üçün yeni zəruri avadanlıqlar da əldə etmişik. Eyni zamanda, “BAKTELECOM” artıq uzun müddətdir ki, paytaxtın yeni və köhnə tikililərində rekonstruksiya işləri aparır. Layihə çərçivəsində köhnəlmiş mis naqillər müasir standartlara cavab verən fiberoptik xətlərlə əvəz olunur”.

Qurum rəsmisi deyir ki, Bakı Telefon Rabitəsi" MMC istifadəçiləri üçün “Evədək Optika” layihəsinin icrasına başlayıb və bu layihənin məqsədi Bakı və Bakıətrafı qəsəbələrin simsiz rabitə ilə təmin olunmasıdır: “Evədək Optika” layihəsinin əhatə dairəsinə yaşayış binaları ilə yanaşı Bakıətrafı ərazilərdə yerləşən fərdi evləri də daxil etmişik. Genişzolaqlı xidmətlərin daha çox sakinə çatdırılması məqsədilə layihənin icrası operativ qaydada həyata keçirilir. Paytaxtın bütün rayonlarında mərhələli və planlı şəkildə optik xətlərin çəkilməsi istiqamətində işlər aparılır. Hazırda “Evədək Optika” layihəsi icra olunmayan məhdud infrastrukturlu ərazilərimiz də mövcuddur. Bu ərazilərdə yaşayan sakinlər üçün LTE texnologiyası ilə simsiz rabitə xidmətinə qoşulmaq imkanı yaradılır. İstifadəçilər simsiz şəbəkəni dəstəkləyən xüsusi avadanlıqlar əldə etməklə xidmətlərdən yararlana bilərlər”.

Respublikanın bölgələrini internetlə təmin edən “Aztelekom” MMC-nin beynəlxalq və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Emin Quliyev isə deyir ki, vətəndaşların bütün haqlı narazılıqları və şikayətləri yerindəcə araşdırılır və onunla bağlı müvafiq tədbirlər görülür: “Hər müraciət bizim tərəfdən qeydə alınır, araşdırılır və vaxtında icra olunur. Bəzi hallarda istifadəçilər əvvəl istifadə etdiyi xidmətlərdən, modemlərdən yararlana bilmirlər. Karantin dövründə vətəndaşların daha çox evdə olduğuna görə daha çox trafik ötürülür. Lakin həmin avadanlıq, həmin paket artıq bütün tələblərə cavab vermir”.

Emin Quliyevin sözlərinə görə, artıq bir neçə regionun optik internetlə təmin olunması işlərinə başlanılıb: “Aztelekom” MMC tərəfindən paylayıcı şəbəkənin müasirləşdirilməsi ilə bağlı böyük bir layihə hazırlanmışdır. Hazırda ilkin mərhələdə Sumqayıt və Gəncə şəhərlərində, habelə Abşeron və Masallı rayonlarında işlər aparılır. Bu ərazidə simli xətlər optik kabellərlə əvəzlənib və müasir avadanlıqlar quraşdırılıb. Nəticədə göstərilən xidmətlərin həm keyfiyyəti həm də çeşidi artırılacaq. Növbəti mərhələdə digər regionlarda da həmin işlərin aparılması gözlənilir”.

Ümid edək ki, problem tez bir zamanda aradan qalxacaq və vətəndaşlar internetdən rahat və sürətli şəkildə istifadə edə biləcəklər.

Həmidağa Məcidov,

Əli Ələkbər, APA TV

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın