12:03 22 Yanvar 2021 70
Ana səhifə Xəbərlər

Onlayn satışın qurbanı: “Kartımın şəklini göndərdim, nömrəmi bloka atıb pulu çəkdilər” – ARAŞDIRMA

Pandemiya dövründə onlayn alış-verişdən daha çox istifadə etməyə başladıq. Onlayn sifarişin müsbət cəhətlərindən biri də odur ki, mağazalara, ticarət mərkəzlərinə getmədən istədiyimiz sifariş qapımıza qədər çatdırılır. Lakin məsələyə işbazlar qarışıbsa, onlayn alış-veriş etmək istəyimiz peşmançılıqla nəticələnə bilər.

Elə zərərçəkən Namiq Ramazanov da onlayn alış-veriş saytlarının birindəki işbazların qurbanı olub. Namiqin sayta satmaq üçün yerləşdirdiyi geyimi almaq bəhanəsi ilə ondan pensiya kartının nömrəsini istəyiblər: “200 manat civarında olan bir geyim idi. Sayta yerləşdirdikdən iki gün sonra Rusiya nömrəsi ilə zəng gəldi ki, biz bu geyimi almaq istəyirik. Dedilər ki, bizə kartın nömrəsini verin, biz pulu yerləşdirək. Kartın nömrəsini verən kimi bizi bloka atdılar. Biz onda başa düşdük ki, pulu çəkiblər kartdan. Kartı götürdüm, bankomata salanda gördüm ki, pul yoxdur, pulu çəkiblər”.

Vətəndaşlar arasında keçirdiyimiz sorğu zamanı məlum oldu ki, paytaxt sakinlərinin əksəriyyəti onlayn sifariş zamanı kartdan istifadə edir:

- Onlayn sifarişdən istifadə etmişəm. Kartla ödəniş etmişdim.

- Onlayn sifarişdən istifadə edirəm. Bir dəfə də rəsmi saytdan telefon sifariş etmişdim. 3 ay gözlədim, telefon gəlmədi. Sonra şikayət etdim ki, pul qaytarılsın.

- Ödəniş olaraq kartdan istifadə edirəm. Saytlarda şəxsi məlumatları istəyirlər. Təbii ki, bu, hər kəsə veriləcək məlumatlar deyil. Amma rəsmi saytlar olduğu üçün kartla ödəniş edirəm.

Onlayn sifarişə tələbatın çox olduğu bir vaxtda vətəndaşlar saytlardakı təhlükədən özlərini necə qoruya bilərlər?

Vəkillər Kollegiyasının üzvü Əkrəm Həsənov deyir ki, kart vasitəsilə hansısa alış-veriş saytlarına girirsinizsə, ən tanınmış saytlara müraciət etmək lazımdır: “Kartınızın alt hissəsində olan 3, 4 rəqəmli pin kodu məxfi saxlanılmalıdır. Əgər siz kartın bütün məlumatlarını həmin alıcıya vermisinizsə, ondan xüsusi bilik tələb edilmir ki, pulu çəksin. O, kartın göstəricisini daxil edərək pulu hər hansı bir sayt vasitəsilə alacaq”.

Bəzən vətəndaşlar onlayn sifariş edərkən müştəridən “WhatsApp” vasitəsilə kartın şəkli tələb olunur. Elektron ticarət üzrə mütəxəssis Nicat Manafov deyir ki, onlayn sifariş zamanı kart vasitəsilə ödəmə etmək üçün yalnız etibarlı saytlar seçilməlidir: “Müştərilər mütləq məhsulu sifariş etdikləri saytlardan əmin olmalıdırlar. Bilmədikləri, güvənmədikləri saytlardan sifariş etməməlidirlər. Xüsusən indiki dövrdə trend olan “WhatsApp”dan kart şəkillərini göndərirlər bir-birinə. Bu kimi hallarda müştərilərin kartlarından çoxlu sayda oğurluq olur”.

Əgər müştəri onlayn alış-veriş zamanı aldadılırsa, ilkin mərhələdə banka və hüquq-mühafizə orqanlarına müraciət etməlidir.

FATMA ZAHİDQIZI

FAİQ HƏSƏNOV

APA TV

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın