20:20 25 Mart 2020 253
Ana səhifə Xəbərlər

Operativ Qərargah: 10 min vətəndaşımız xarici ölkələrdən Azərbaycana gətirilib

Bu günə qədər xüsusi çarter reysləri vasitəsilə 10 min nəfərə yaxın Azərbaycan vətəndaşının xarici ölkələrdən Azərbaycana gətirilməsi təmin edilib.

APA TV-nin məlumatına görə, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Qərargahdan verilən məlumata görə, xaricdə olan Azərbaycan vətəndaşlarının ilk növbədə azyaşlı uşaqları olan ailələr, yaşlılar, tibbi yardıma ehtiyacı olan şəxslər və qadınlara üstünlük verməklə, müəyyən olunmuş qrafik çərçivəsində və karantin rejiminə yerləşdirməklə Azərbaycana gətirilməsi həyata keçirilir.

Ölkə daxilində olan karantin məntəqələrinin qəbul etmək imkanlarını nəzərə alaraq, gələn həftə ərzində 200-400 nəfərin 14-21 və ya 21-28 günlük karantin rejimində yerləşdirməklə müxtəlif ölkələrdən geri qaytarılmasının təmin edilməsi planlaşdırılır.

Türkiyə ilə quru sərhəd yolu ilə Naxçıvan Muxtar Respublikasından Azərbaycan ərazisinə daxil olmaq istəyən ölkə vətəndaşlarının müvəqqəti olaraq Türkiyə ərazisində sərhədyanı ərazilərdə yerləşdirilməsi, sonra qruplar şəklində Naxçıvan Muxtar Respublikası ərazisində yaradılan səhra karantin məntəqələrində 14-28 gün müddətinə karantinə alınmaları nəzərdə tutulub.

Xarici ölkələrdən gələn Azərbaycan vətəndaşlarının karantinə alınması məcburi xarakter daşıyır və bütün vətəndaşlardan ölkə ərazisində elan edilmiş xüsusi karantin rejiminə ciddi şəkildə riayət etmək tələb olunur.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın