06:40 08 Aprel 2020 1518
Ana səhifə Xəbərlər

Operativ Qərargah: Karantinlə bağlı daha sərt tədbirlər görülə bilər

“Bizdə artıq koronavirusa yoluxma gündəlik üçrəqəmli həddə çatıb”.

APA TV-nin məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.

Onun sözlərinə görə, bu gün 3 min test yoxlaması aparılıb, 105 nəfərin virusa yoluxduğu aşkarlanıb.

Bundan başqa, bu günlərdə Gəncədə və Naxçıvanda laboratoriyalar qurulub. Şəki və Sumqayıtda da laboratoriyalar açılacaq. Ramin Bayramlı 105 yoluxma arasında Naxçıvanda aşkarlanan halların da olduğunu qeyd edib.

Ramin Bayramlı bu vaxta qədər isə cəmi 1 tibb işçisi koronavirusa yoluxduğunu deyib. Bildirib ki, təmas nə qədər çoxdursa, yoluxma da o qədər artır. Əgər vətəndaşlarımız karantin rejiminə düzgün əməl etməsələr, daha sərt tədbirlərin görülməsi üçün Operativ Qərargaha, hökumətə müraciət etmək məcburiyyətində qalacağıq”- deyə TƏBİB-in İdarə Heyətinin sədri qeyd edib.

Bundan başqa bu günə qədər 53 mindən artıq testin keçirildiyini deyən Ramin Bayramlı yaxın zamanlarda gündəlik keçirilən testlərin sayının 5000-ə çatdırılacağını qeyd edib.

Mətbuat konfransında çıxış edən Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov isə elektron icazə verilməsi proseduruna yenidən baxıla, məhdudiyyətlərin sərtləşdirilə biləcəyini qeyd edib.

O, Koronavirus pandemiyası ilə bağlı ölkədə ərzaq qıtlığı yarana biləcəyi məsələsinə də münasibət bildirib. İbrahim Məmmədovun sözlərinə görə, ötən həftə ölkədə ərzaq təhlükəsizliyini təmin etmək üçün təlimat işlənib hazırlanıb və təsdiq edilib.

Koronavirusla Mübarizə Fondunda 110 milyon manat ianənin yığıldığını deyən Nazirlər Kabinetinin sözçüsü ölkədə 5 milyona yaxın tibbi maska ehtiyatı yaradıldığını vurğulayıb.

Bundan əlavə İbrahim Məmmədov bazar iqtisadiyyatında qiyməti tələb-təklif amilləri müəyyənləşdirdiyini deyib. Bildirib ki, indi ölkədə elə situasiyadır ki, tələb və təklifə görə maskaların qiymətinin artması ehtimalı var, çünki tələb çox yüksəkdir. Amma dövlət çalışır ki, qiymət artmasın, bu səbəbdən də maskalarla bağlı optimal qiymət qalacaq.

Mətbuat konfransında çıxış edən Prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev xaricdə olan 15 mindən çox Azərbaycan vətəndaşının ölkəyə gətirilməsi təmin olunub. Gətirilənlər xüsusi karantin zonalarında yerləşdirilir.

20 aprelə qədər Azərbaycana hava yolları və quru yollarla giriş-çıxış dayandırılıb. Amma bu yükdaşımalara şamil edilmir. Prezidentin köməkçisi son iki gündə Rusiyadan Azərbaycana cənazələrin gətirilməsi hallarının da olduğunu və bu məsələnin humanizm prinsipi əsasında həll olunduğunu diqqətə çatdırıb.

Hikmət Hacıyev görülən işlərin nəticəsində Azərbaycanın vəziyyətinin digər ölkələrlə müqayisədə yaxşı olduğunu da vurğulayıb.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın